Nikbinlik yaradan hobbilərin həyatımızdakı rolu- Fidan Türk yazır



Qədim şaman inancında insanların ümidsizlik, kefsizlik, depressiya kimi şikayətləri olduqda və onların şəfacıya ehtiyacı olan zaman, şəfacı onlardan bu dört şeyi şoruşurmuş:

Rəqs eləməyi nə vaxt buraxdın?
Mahnı söyləməyi nə vaxt buraxdın?
Nağıla qulaq asmağı, nağıllardan təsirlənməyi nə vaxt buraxdın? 
Səssizliyin içində hüzur tapmağı nə vaxt buraxdın?

İnsan ruhuna yaxşı gələn bu şeyləri; rəqs eləməyi, mahnı oxumağı buraxdığında əslində ruhunun bir parçasından uzaqlaşır. Bizi yaxşı hiss etdirən bu cür məşğuliyyətləri hobbi halına da gətirə bilərik. Kimisi üçün bu hobbilər rəsm çəkmək, idmanla məşğul olmaq və s. kimi də ola bilir. Əslində, öz səssizliyimizi dinləsək, o bizə çox şey söyləyir və doğru yolu bizə hiss etdirir. 

 Məsələn, uşaq vaxtı necə xoşbəxt hiss edirdik özümüzü. Daim məşğul olmağa bir şeylər tapırdıq. Hesab,kitab eləmədən nə istədiyimizi bilirdik, içimizdən gəldiyi kimi davranırdıq. Bəlkə də, böyüdükcə o uşaqdan uzaqlaşdığımız, əslində, elə özümüzdən uzaqlaşdığımız üçün yaranır bədbinlik hissi. Demək ki, biz ruhumuzdakı uşaqla daim əlaqədə olmalı və qəlbimizin səsini dinləməliyik. 

Təbiətdə yürüyüş etməyin və torpağa toxunmağın özü də insana həm mənəvi, həm də sağlamlıq cəhətdən çox yaxşı təsir edir. Belə ki, torpağa toxunmaq və ayaqyalın yerimək insanda stressi, gərginliyi aradan qaldırır. Təmiz havada yürüyüş etmək və digər yüngül fiziki hərəkətlər özümüzü daha yüngülləşmiş, xoşbəxt hiss etməyimizə səbəb olur.

Araşdırmalar göstərir ki, idman bədəndə serotonin hormonunun ifrazını artırır. Serotonin həm də "xoşbəxtlik hormonu” adı ilə də məşhurdur. Ən önəmlisi həyat enerjisini itirən insanı idmanla həyata döndürmək olar.

Son zamanlarda bir çox psixoloji narahatlığı dəf etmək üçün, meditasiya önərilir. Sakitləşdirici musiqi fonunda bu terapiya ilə məşğul olmaq yaxşı nəticələr verə bilir. 

Bir çox alimlər dilə gətirməsə də problemlə başa çıxmağın ən gözəl yollarından biri də namazdır. Belə ki, biz namaz qıldığımız zaman ruhumuz sakitləşir və dincəlir. Daxilimizdəki qorxu, narahatlıq hissi azalır. Kainatın yaradıcısı ilə görüşüb, Ona dərdlərimizi söyləmək bizdə böyük ümid yaradır. İnsanı yaşadan da ümiddir. Bu ümidi mərhəməti sonsuz olan Allaha bağlamaq isə insana xoşbəxtliyi gətirir. 

Fidan Türk

73549 oxunub