Fidan Hacıyeva: "Bu festivalı təşkil edirəm ki, gənc ifaçılarımız eşidilsin"


Vokal ustası Fidan Hacıyevanın ərsəyə gətirdiyi vokal musiqi məktəbində Azərbaycanda keçiriləcək birinci Beynəlxalq Opera Festivalının iştirakçılarının dinlənməsi olub.

Qeyd edək ki, sözügedən festivalda  istedadlı vokalçıların çıxışı aprelin 28-də Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində baş tutacaq. Həmin gün orkestri dirijorlar Orxan Həşimov və Meri Çeminava idarə edəcəklər. Hər iki dirijor dinləmələrdə iştirak edib.

Dinləmələr zamanı gənc opera müğənniləri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Azərbaycan Milli Konservatoriyasının tələbələri öz konsert proqramlarını təqdim ediblər.

Festivalın keçirilməsi təşəbbüsü Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti və pedaqoq Fidan Hacıyevaya məxsusdur. Mətbuata verdiyi açıqlamada Fidan xanım gənc artistlərin seçiminin və onların çıxışa hazırlığının necə keçirildi barədə danışıb. Sənətkar bildirib ki, 

festivalın keçiriləcəyi barədə elan verilib. "İştirak etmək istəyən vokalistləri dinlədim və bəyəndim. Onlar çox bacarıqlıdırlar, yaxşı səsləri var, onlara mütləq yol verilməlidir. Mən məhz ona görə də bu festivalı təşkil edirəm ki, gənc ifaçılarımız eşidilsin. Onlar təkcə Azərbaycanda deyil, bütün dünyada ifa etməlidirlər",– deyə Xalq artisti vurğulayıb.

Konsert proqramı haqqında danışan Fidan xanım qeyd edib ki, gənc ifaçılar çıxış üçün çox ciddi əsərlər hazırlayıb.

"Gənclər dünya şöhrətli bəstəkarların, o cümlədən Azərbaycan bəstəkarlarının çətin əsərlərini ifa edirlər. Çoxlarına seçim etməkdə müəllimləri kömək edib. Bəzən özüm də nəyisə tövsiyə etmişəm. Bəzən müəllimlər mənimlə məsləhətləşiblər. Dinləmədən sonra Dövlət Opera və Balet Teatrının dirijoru Orxan Həşimov onların ifasını müzakirə edəcək, onlarla işləyəcək, çıxışa hazırlayacaq. Buna görə ona çox təşəkkür edirəm", - deyə Fidan Hacıyeva əlavə edib.

Xalq artisti qarşıdan gələn tədbirin gənc ifaçılar üçün əhəmiyyətini xüsusi qeyd edib.

"Bəziləri ilk dəfə böyük zalın qarşısında simfonik orkestrlə ifa edəcəklər. Onlar üçün bu vacib addımdır. Bu, çox məsuliyyətlidir və onlar beynəlxalq festivalda mahnı ifa etməyin nə olduğunu dərk etməlidirlər. Müxtəlif ölkələrdən dirijorlar gələcək. Düşünürəm ki, bu, onlara özlərini göstərmək üçün də stimul olacaq. Bunlar istedadlı ifaçılardır, amma özləri üzərində işləməlidir. Kim işləyərsə, böyük nəticələr əldə edər", - deyə o qeyd edib.

"Festivalın yeddi günü asan deyil. Ancaq mənim üçün bu maraqlıdır, mən çətinlikləri sevirəm. Hələ görəcəyimiz çox işlər var. Hər gün məşqlərimiz var - həm uşaqlar, həm də böyüklər ilə. Həll edilməli olan bir çox təşkilati məsələlər var. Bizə göstərilən köməyə görə Azərbaycanın Mədəniyyət Nazirliyinə, Dövlət Akademik Opera və Balet Teatrına və bu layihəni dəstəkləyən teatrın direktoru, opera müğənnisi Yusif Eyvazova təşəkkürümü bildirmək istəyirəm. Mən Bakı sakinləri və şəhərin qonaqlarını bizim festivalımızı dəstəkləməyə, gözəl ifaçıları dinləməyə çağırıram. Axı ən böyük dəstək - tamaşaçıların dəstəyidir", - deyə Fidan Hacıyeva əlavə edib.


16472 oxunub