.jpg)
Qədimliyi və müasir sintezi özündə ehtiva edən, hər qarışı tarix qoxan, hər bölgəsi səfalı və şəfalı torpaqlarda yaşayırıq. Gəzdiyimiz yerlərdə gün ərzində yüzilliklərin, minilliklərin yaşanmışlığını özündə saxlayan nə qədər abidənin yanından ötüb keçirik. Elə hər gün yüzlərlə insanın yanından keçdiyi, Naxçıvanın göz bəbəyi "Möminə Xatun” kimi.
İlk insan məskəni olan Naxçıvan şəhərində və rayonlarında qədimliyi əks etdirən bir çox abidə yer alır.
Naxçıvanlıların öz tarixinə və tarixi abidələrinə olan hörməti bir çox abidənin günümüzə qədər gəlib çatmasına zəmin yaradıb.
Bunlardan biri də Naxçıvan şəhərinin mərkəzində yerləşən, adını çəkdiyimiz Möminə Xatun türbəsidir. Adından da göründüyü kimi, bu ad xanıma məxsusdur. Türbə Atabəylər hökmranlığı zamanında, məhşur memar Memar Əcəmi tərəfindən 12-ci əsrdə tikilib. Bəs Naxçıvanın mərkəzində adına türbə tikilən bu xanım kim idi? Möminə Xatun Atabəylər dövlətinin hökmdarı Atabəy Şəmsəddin Eldənizinin yoldaşı idi. Dövlətin daxili və xarici siyasətində iştirak edən, yoldaşına və oğluna yaxından yardım göstərən bir xanım. O, Azərbaycanın ilk diplomat qadınlarından idi. Möminə Xatunun vəfatından sonra Atabəy Şəmsəddin Eldəniz yoldaşının məzarı üstündə ona ehtiram olaraq türbə tikilməsi əmrini verir. Tale elə gətirir ki, özü də bir aydan sonra vəfat edir. Hökmdarın vəfatından sonra, taxta oğlu Məhəmməd Cahan Pəhləvan keçir. Türbənin tikintisini o tamamladır. Və əzəmətli bir türbə tikilir. Bu tarixi abidə tikildiyi zamanda 34 metr hündürlüyündə olsa da, günümüzə 25 metr hissəsi gəlib çatıb. Bəzi kitabələrdən verilən məlumata görə, türbənin üzərində "adil məliki, böyük qalib Şəmsəddin Nüsrət əl islam və əl müslimin Cahan Pəhləvan atabəy Əbu Cəfər Məhəmməd ibn Atabəy Eldəniz ...dünyanın və dinin cəlalı, İslamın və müsəlmanların namusu Möminə Xatunun xatirəsinə tikməyi əmr etdi!",- sözləri yazılıb.
Kitabədə maraqlı misralar da var ki, diqqəti çəkir: "Biz gedərik, dünya qalandır”, "Biz ölərik - bu yadigardır”…
Möminə Xatunun həyatına daha yaxından nəzər salsaq görürük ki, öncə Səlcuqlu hökmdarı II Toğrulun həyat yoldaşı olmuş və Arslan adlı bir oğlu dünyaya gəlmişdi. 1135-ci ildə hökmdarın ölümündən sonra hakimiyyətə keçən Sultan Məsud onu Şəmsəddin Eldəniz ilə evləndirmişdir. Şəmsəddin Möminə Xatunla evlənmədən öncə, onun oğlu Arslanın atabəyi olduğu dövrdə də etimadını qazanmışdı. Möminə Xatunun ikinci evlilikdən iki oğlu - Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslan və bir qızı olmuşdu. O, Şəmsəddinin və Arslanın (ilk evliliyindən olan oğlu) münasibətlərində vasitəçi rolu oynayaraq ara müharibələrin də qarşısını almışdır.
Salnaməçi Sədrəddin əl-Hüseyni "Əxbar əd-doulət əs-Səlcuqiyyə" əsərində qeyd edib ki, Möminə xatun həmişə Şəmsəddin Eldənizi ölkə səyahətlərində müşayiət edirdi. Salnaməçi əsərində belə davam edir: "Dövlət əhəmiyyətli məsələlərin həllində onun fikri ilə hesablaşırdılar. Möminə xatun xalq arasında da böyük hörmətə layiq idi, çünki ölkə vətəndaşlarının tale və maraqlarına biganə deyildi. O, mədəniyyətin, maarifin inkişafına köməklik edirdi. Bu ağıllı və hörmətəlayiq qadının şərəfinə Naxçıvanda nadir və möhtəşəm məqbərə tikilmişdir”.
Onu da qeyd edək ki, Möminə Xatun türbəsi " Naxçıvan Məqbərələri” tərkibində 1998-ci ildən UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin siyahısına daxil edilib.
Hələ 12-ci əsrdə ucaldılan bu tarixi-memarlıq abidəsi Azərbaycan xanımına verilən hörmət və dəyərin gözlə görülən nümunəsidir. Şərqdə qadınlara ilk seçki hüququ verən dövlətin məhz Azərbaycan (1918-ci ildə) olması da qadına verilən dəyərdir.
Azərbaycanda hər dövrdə xanımlara sevgi və hörmətlə yanaşılıb. Oğuz türkləri olan azərbaycanlılar hələ çox qədimdən bu dəyərləri üstün tutublar. Xalqımızın özəyini əks etdirən yüksək mənəvi keyfiyyətlər həm tarixi-memarlıq abidələrimizdə, həm də məişət həyatımızda özünü biruzə verir. Görkəmli şairimiz Hüseyn Cavid demişkən:
"Qadın gülərsə şu ıssız mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələcək!”
Fidan Türk
19332 oxunub