Vənəndim, çinarlı kəndim-Fidan Türk yazır -FOTOLAR



"Orda bir köy var uzaqda, 
O köy bizim köyümüzdür.
Getməsək də, qalmasaq da,
O köy bizim köyümüzdür”, - deyir mahnıda. Yolların uzaqlığına görə kənar düşdümüyüz, ancaq əlimiz çatan, ünümüz yetəndir bizim kəndimiz-Vənənd kəndi.
Bu yazımızda gözəl Ordubadın səfalı bir kəndinə səyahət edəcəyik. Yolumuz hər küncü-bucağı tarix qoxan, qədim mədəniyyəti qoruyub saxlayan Ordubadın Vənənd kəndinədir. Ən azı iki min il tarixi olan Vənəndin hələlik orta əsrlərə aid abidələri öyrənilmişdir.
Eyni zamanda, çoxlarının bilmədiyi bir gərçəkdir ki, Vənənd kəndi məşhur Azərbaycan astronomu, filosofu və riyaziyyatçısı olan Nəsirəddin Tusinin vətənidir.

Bir çoxları bu kəndə "Bala İstanbul” da deyir. Səbəbi isə, Vənəndin digər kəndlərə nisbətən daha çox inkişaf etməsidir. Azərbaycan tarixin çətin dövrlərindən keçdiyi zamanda belə burada təhsilə, incəsənətə önəm verilib. Orta təhsil və musiqi məktəbləri fəaliyyət göstərib. Vənənd kəndində bir çox istedadlı ailələr var ki, orada ailə üzvlərinin hər biri nağara, tar, saz və s. kimi musiqi alətində ifa edə bilir.

Qədim Vənənd

Əzanın səsiylə sübh açılır, əzan səsiylə axşam düşür bu kənddə. Azərbaycanda Məscidlərin ən çox olduğu bölgə Naxçıvan ərazisidir desək yanılmarıq. Biz bunu Vənənd kəndində də görürük. Burada 14-cü əsrdə tikilən Cümə Məscidi Vənəndin tarixi-memarlıq abidəsi olaraq qorunub, günümüzə qədər gəlib çatmışdır. Bərpası zamanı üzərində fars və ərəb dillərində yazılmış kitabədə XVIII əsrin birinci yarısında Vənəndin, elecə də Naxçıvanın iqtisadi həyatına dair məlumat verilir.

Həmçinin burada, XVII əsrə aid tarixi-memarlıq abidəsi olan hamam da yerləşir. Türk-islam mədəniyyətində təmizliyin, paklığın, mədəniyyətin simvolu olan hamamlar bu dövlərdə özünəməxsus yer tutub. Çünki hamam mədəniyyəti İslam qayda-qanunlarının əsas tərkib hissələrindəndir. Ordubadda və kəndlərində orta əsrlər dövrünə aid bu cür mükəmməl arxitektura quruluşuna malik hamamlar, burada memarlığın nə dərəcədə inkişaf etdiyini göstərir. Hazırda yararsız vəziyyətdə olan hamam, bir zamanlar insanların üz tutub həm paklandığı, həm də həmsöhbət olduğu yer olub.

Təbiət qoynunda gözəl Vənənd

Gur axan çayları, üzərindəki kiçik körpüləri, cəh-cəh vuran növbənöv quşları, yamyaşıl təbiəti, əsən sərin mehi, hər yerdən görünən başı qarlı dağları əvəzolunmaz edir Vənəndi.  Hər evin pəncərəsi xoş təbiət mənzərəsinə açılır burada. Həyətdə oturarkən, yaxından çayın səsi eşidilir. Bu kəndin torpağında əkilən hər meyvə, tərəvəz olduqca dadlı olur. Özünəməxsus şirin ləhçəsi də çox səmimi səslənir. Kənd həyatının sadəliyi, verdiyi huzur insan həyatında, qəlbində dərin izlər buraxır. Gur yağan yağışları, təmiz havası, torpağı insana rahatlıq verir. Burada insan təbiətlə danışır, onunla dost olur. Gecə göy üzünü alan çoxlu ulduzlar insanı xəyallar dünyasına aparır, kainatın sonsuzluğuna tamaşa etdirir. 


Uşaqlığın xoşbəxt sədaları

Vənəndin küçələrində yeriyərkən yollardan uşaqlığımızın xoşbəxt səsləri gəlir. Gizlənpaç, ortada qaldı, dom-dom oynadığımız vaxtlar canlanır gözümüzdə. Sanki adam yenidən uşaqlaşır. Həqiqi dostluğun, saf və ilk sevgilərin olduğu uşaqlıq... İnsan xoşbəxt olduğu uşaqlıq xatirələrini saxladığı yerdən çıxardıb  onlara sarılır bəzən. Sarıldığımız xatirələrdən biri də, kənddə işıqlar sönəndə nənə-babamızın ətrafında, lampa işığında xoş söhbətlər etməyimizdi. Dostlarımızla oyun oynayərkən böyüklər evə çağıranda getmək istəməyib "nolar bir az da qalım, oynayaq gəlirəm” dediyimiz anlardı sarıldığımız xatirələr. Qonşuda içilən çaylar, bitmək bilməyən şirin söhbətlər indi xoş xatirələrə çevrilib. Kənddə keçən uşaqlıq ömür boyu bitməyəcək xəzinə kimidir, burada xatirələrin ən gözəlini toplayır insan.
 
Bir zamanlar burada toylar daha çox "palatkada” keçirilirdi. Külək səhərdən axşama qədər musiqilərin səsini gətirirdi evlərə. Kişi saatı ayrı, qadın saatı ayrı olurdu toylarda. Axşam vaxtı da hər kəs yığışıb toya gedərdi. Satılan xoruz fiqurlu şirnilər uşaqların ən sevdiyi şirniyyat idi. 


Vənəndin simvolu- Divanxana, meydan, qoca çinar

Vənənd meydanına yüzilliklərin şahidi, gələni-gedəni kölgəsində dincəldən əzəmətli çinar ağacı xüsusi gözəllik verir. İçi oyuq olan bu çinarın içərisinə vaxtilə kişilər stol qoyub nərd oynayarmış. Çinara toxunmazlar, onu kəsməzlər deyib ata-babalarımız. Bu fikir Ordubadda, eləcə də Vənənddə daim qüvvədədir. Yolunuz bu kəndə düşsə, mütləq çinar kölgəsində dincəlib bir də samovar çayı içərsiz. Özü də yanında cəviz mürəbbəsi və Ordubad limonuyla.

Burada bir gözəl əməl də var ki, könlü oxşayır. Vənəndin küçələrində, mağazadan uzaqda kiçik çörək qutuları olur. Yanında da pul qabı. İmkanı olan çörəyi alıb pulunu qoya bilsin, imkanı olmayan isə çörəyi götürüb heç kim görmədən gedə bilsin deyə. 
Vənəndin məşhur məhəlləsindən biri də divanxanadır. Ta qədimdən indiyədək meydan və divanxana bu kəndin mərkəzi hesab olunub. 

Vənənddə çöpüdüm

Bütün milli və dini bayramlar burada ehtiramla keçirilir. Xüsusilə, Novruz bayramında Ordubadda "Xan” bəzənər. Vənənddə də şənlik və maraqlı oyunlarla bayram qeyd olunar. Bayram günləri 7-dən 70-ə hər kəs meydana- çinar ətrafına yığışar. Bu kənddə məşhur olan, maraqlı çöpüdüm yallısına baxmağa gələr camaat. Çöpüdümdə iki komandaya ayrılar kişilər. Hər komandanın başında dayananın əlində uzun bir çubuq olar. Bir komanda digər komandaya ya sual verir, ya da ətrafa yığışan insanlardan bir əşya götürür. Qarşı komanda da həmin sualın cavabını bilməli, yaxud da həmin əşyadan tapıb verməlidir. Əgər tapa bilmirsə, cəza verilir. Builki şənliyə dəvə də gətirilmiş, klon və şən musiqilər kənd camaatında xoş ovqat yaratmışdı.  

Həmçinin, illər öncə həftə sonları "cin bazarı” deyilən bazar olurdu kənddə. Hər cür lazımlı ləvazimatlar satılırdı burada. Bazara Ordubadın bir çox yerlərindən insanlar da gəlirdi. Uşaqların da çox marağını çəkərdi bu bazar. 


Kəndin xoş xatirələri

Səhər xoruzun banlamağının, quşların nəğməsinin və çaydan axan suyun səsinə oyanmaq kənd həyatının insana verdiyi ən gözəl huzurdur. Uşaqlığımızın bu gözəl yerdə keçməsi bu kəndi bizə çox doğma edir. Elə isə gəlin, bu gözəl Vənənddə bir ailənin qonağı olaq. Bu ev mehriban baba, qayğıkeş nənə ocağıdır.  Belə yerdə insanın günü gözəl olmaya bilməz. Baba nəvəsi üçün yelləncək düzəldib cəviz ağacından asıb. O yelləncəkdə nənə nəvəsinə gözəl şeirlər öyrədir. Nənə hər gün məktəbdən nəvəsinə sevdiyi keksdən alıb gətirir. Baba da bişirdiyi kababı hazır olan kimi tez nəvəsini həyətə səsləyib, tikə tutub verir. Fındıq ağacının sərin kölgəsində gözəl süfrələr açılır burada. Baba bəzən başı qarlı dağlara baxaraq, şeirlər deyir nəvəsinə. Hər gecə yatanda nənə nəvəsinə "Cırtdan” nağılını danışıb, sonra da bal-yağ dürməyi gətirir. Bunun dadı ən gözəl daddır. Bu dadı hardan bilirəm? Çünki Vənənd kəndində yay aylarını keçirtdiyim bu mehriban ailə mənim baba ocağımdır. Dürüstlüyün, sevginin, mərhəmətin aşıb daşdığı isti bir evdir bura. Bu evdə hər axşam küçənin işığını yandırardıq. Babam işdən gələndən sonra da sönməzdi o işıq. Bir gün niyəsini soruşduğumda, axşam vaxtı keçən qonşulara işıq olsun deyə cavabını aldım. O gündən sonra hər gün axşamlar yandırırdım işıqları. Sərin məhləmizdə dostlarımızla oyunlar oynayar, rəfiqəmlə mahnılar oxuyardıq. Rəfiqəm divar qonşumuz idi deyə, divardan boylanıb bir-birimizi səsləyirdik. İnternetin olmadığı, telefondan da çox istifadə etmədiyimiz o vaxtların səmimiyyəti bir başqa gözəl idi. Bizim üçün xoş xatirəyə çevrilən bu qiymətli anlar indi də Vənənd küçələrində böyüyən uşaqlar üçün xoş anlara çevriləcək. 
Çox güclü, bir o qədər də həssas xatirələrdir uşaqlıq. Hər birimizin ürəyinin ən incə yerində məskən salıb bu anlar. Buranın təmiz havası, suyu, daşı-torpağı, bəzən vaxtsız yağan dolusu da gözəldir. Bu torpağın yetişdirdiyi cəviz, fındıq, ərik, tut, fındıq, alça ağaclarının meyvələri isə dillərə dastandır. Hələ bu  kəndin əzəmətli, əsrlərin şahidi olan çinarları... Bu qoca çinarlar nə qədər uşaqlıq xatirələrinin, dostluqların, sevgilərin  şahididir. Qoynunda bayramlar, şənliklər keçirilən doğma məkandır. 

 Şair demişkən:
O güllü, çiçəkli, ətirli kəndim
İndi yaza-yaza gözümə gəldi.
Nə zaman obadan, yurddan danışdıq
Fırlandı, dolandı sözümə gəldi.

Doğmadan doğmadır, əzizdən əziz,
Yaxından yaxındır özümə kəndim.
Gəzəndə ən gözəl məkanı belə
Gözümə görünür yenə Vənəndim.

Fidan Türk

10752 oxunub