Milli Olimpiya Komitəsində belçikall mütəxəssislə görüş olub -Fotolar


Azərbaycanda səfərdə olan Beynəlxalq Olimpiya Komitəsinin (IOC) Təhlükəsiz idman bölməsinin məsləhətçisi Tiene Vertommenlə Milli Olimpiya Komitəsində (MOK) görüş keçirilib.

MOK-un mətbuat xidmətindən  verilən məlumata görə, belçikalı mütəxəssis səfər müddətinin sonuncu günündə qurumun vitse-prezidentləri Çingiz Hüseynzadə, Zemfira Meftaxetdinova və baş katib Azər Əliyevlə görüşüb. Beynəlxalq Olimpiya Komitəsinin tələb və tövsiyələrinə uyğun olaraq, "Təhlükəsiz idman” mövzusunda maarifləndirmə və təbliğat işləri ilə bağlı keçirilən tədbirdə fikir mübadiləsi aparılıb.

Çingiz Hüseynzadə təhlükəsiz idman məsələsinin vacibliyini qeyd edib. O, son dövrlər idmanda təhlükəsizlik məsələsinin ön plana çəkildiyini və Milli Olimpiya Komitəsi olaraq bu sahəyə diqqətlə yanaşdıqlarını bildirib.

Tiene Vertommen ölkəmizdə səfərdə olmasından məmnunluğunu, ilk günlərdən Bakıda yüksək qonaqpərvərliyin şahidi olduğunu qeyd edərək, "Təhlükəsiz idman” layihəsinin iştirakçıları haqqında xoş sözlər deyib. O, Bakıda olduğu müddətdə Milli Olimpiya Komitəsinin təhlükəsiz idman məsələsinə necə ciddi yanaşdığını vurğulayıb.

Belçikalı mütəxəssis sonda Milli Olimpiya Komitəsinə təhlükəsiz idman məsələsi ilə bağlı gələcəkdə AMADA, Azərbaycan İdman Akademiyası və UNICEF-lə daha yaxından əməkdaşlıq etməyi tövsiyə edib.

MOK-un baş katibi Azər Əliyev ölkə idmanında təhlükəsizliyi əsas amillərdən biri kimi dəyərləndirərək, bu sahədə yüksək təcrübəli mütəxəssislərə daim ehtiyac olduğunu deyib. O, bu təcrübənin yerli məşqçilərin fəaliyyətlərinə böyük səmərə verəcəyini vurğulayıb.

Tədbirin sonunda Çingiz Hüseynzadə Tiene Vertommenə MOK-un xüsusi hədiyyəsini təqdim edib.

Qeyd edək ki, Tiene Vertommen Bakıdakı səfərinin ilk günündə "Təhlükəsiz idman” layihəsinin komandası ilə müzakirələr aparıb. O, Azərbaycan Badminton Federasiyasının baş katibi Ramil Hacıyev, Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu və AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə ilə görüşüb. Səfərin ikinci günündə Tiene Vertommen UNICEF nümayəndələri arasında təşkil olunan tədbirdə iştirak edib. Daha sonra Azərbaycan Gimnastika Federasiyası rəsmiləri və Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev ilə bu mövzuda müzakirələr aparıb.



4954 oxunub