Şahanə Müşfiqin yeni kitabları oxucularla görüşə gəlib -Fotolar



Azərbaycan Yazıçılar Birliyinin üzvü, Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) başqan müavini, jurnalist Şahanə Müşfiqin yeni iki kitabı işıq üzü görüb.
Yazıçının kitablarından biri Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidin 60 illik yubileyinə həsr olunan "Qələmli və qələmsiz" Rəşad Məcid portreti adlanır. DGTYB-nin idarə heyətinin üzvü Şəfa Vəlinin də müəllifliyi ilə ərsəyə gələn kitabda oxucular Rəşad Məcidin yaradıcılığı və şəxsiyyəti haqda onun ən doğmaları- ailəsi, dostları, müəllimlərinin ürək sözləriylə tanış olacaq. Rəşad Məcidi  şair, jurnalist olmaqdan əlavə, oğul, ata, tələbə, dost kimi də tanıyacaqlar. 

Yazıçının ikinci kitabı "Sənətdən Cəbhəyə" adlanır. Şahanə Müşfiqin hələ 44 günlük müharibə dövründə yazmağa başladığı kitab, dörd ildən sonra işıq üzü görərək, oxucularla görüşə gəlib. Kitabda yazıçının əməkdaşı olduğu, 101 yaşlı Mədəniyyət və İncəsənət Universitetinin II Dünya müharibəsindən başlayaraq, müharibələrdə iştirak edən məzun, tələbə və müəllimləri haqda məlumatlar, Vətən müharibəsi iştirakçılarının bəziləri ilə, şəhidlərimizin ailələri ilə müsahibələr yer alıb.
Bu gün həmin kitabın Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təqdimatı keçirildi. Tədbirdə Universitetin rektoru, kitabın ərsəyə gəlməsi ideyasını və dəstəyini verən Ceyran Mahmudova, yazıçı-dramaturq Əli Əmirli, aşıq Samirə Əliyeva və şəhid, qazi yaxınları çıxış etdilər. Tədbir iştirakçıları igid oğulların xatirələrini əbədiləşdirən kitaba görə müəllifə təşəkkürlərini bildirdilər. 
Şahanə Müşfiq "Sənətdən cəbhəyə” kitabıyla bağlı düşüncələrində deyir ki, bu kitab ən dəyərli kitablarından biridir. Çünki burada Azərbaycanın müstəqilliyi uğrunda əziz canından keçən, bu uğurda hər şeyi gözə alaraq cəbhəyə yola düşmüş oğullardan bəhs olunur.

Qeyd edək ki, mətbuatda qələmiylə sevilən, istedadlı yazıçı-jurnalist Şahanə Müşfiqin yaradıcılığında vətənpərvər mövzular xüsusilə yer tutur. Belə ki, o "525-ci qəzet”-də çalışdığı zaman  "Əbədiyyətdəki əziz ünvanlarımız” layihəsi ilə qəhrəman Şəhidlərimizlə bağlı yazılar yazaraq igidlərimizi oxucula tanıtdırıb. 
O, yaradıcılığında bu vaxtadək "Qaranlıqlar günəşi” kitabı, ilk şeirlər kitabı "Şahanənin nağılı”, povest və hekayələrdən ibarət kitabı "Hərənin öz romanı”,  şəhid mayor Emin Süleymanova həsr olunan kitabı "Qutsal Yolçu” ilə oxucuların görüşünə gəlib.
Hazırda yeni kitablarının sevincini və qürurunu yaşayan yazıçıya gözünün nurunu, qəlbinin sevgisini qatdığı kitablarının ən sevilən kitablar olmasını diləyirik! 

Fidan Türk

7625 oxunub