
Mənəvi və maddi dəyəri olan, xanımlar tərəfindən daim diqqət mərkəzində olan bir çox zinət əşyası var. Ən dəyərli iyirmi iki almazdan biri olan qaşıqçı almazı isə onların arasında hekayəsi ilə fərqlənir.
Qaşıqçı almazı 86 karat ağırlığında olan və ətrafında iki sıra 49 ədəd kiçik almazla bəzədilən zinətdir. Rəvayət belədir ki, çox qədim zamanlarda zibillikdən kağız yığan biri bu almazı zibillikdə tapır. Dəyərinin nə olduğunu bilmədiyinə görə, onu qaşıqçıya üç taxta qaşıq qarşılığında dəyişir. Qaşıqçı da almazı bir zərgərə satır. Bu xəbər tezliklə şaha çatır və zinət onlardan alınır. Dövlət xəzinəsinə girən almaz işlənərək 86 karat halına gətirilir. Almazı ilk alan kişi qaşıqçı olduğuna görə adı qaşıqçı almazı qalır.
Zibillikdə tapılan bu almaz onun dəyərini bilməyənin əlində üç taxta qaşıq edərkən, hazırda Türkiyədə Topqapı Sarayında saxlanılan ən dəyərli əşyalardan biridir. Yaxşı deyib atalarımız: " Zər qədrini zərgər bilər”.
Fidan Bağırova
3249 oxunub