
İki oktyabr tarixində Azərbaycan Mətbuat Şurasının (MŞ) idarə heyətinin növbəti iclası olub. İclası qurumun sədri Rəşad Məcid açıq elan edib və MŞ-nin icraçı katibi Əvəz Rüstəmov quruma müraciətlərlə bağlı məlumat verib.
O, ümumilikdə 6 şikayət üzrə Şura Katibliyinin həyata keçirdiyi işlərdən söz açıb və bildirdi ki, həmin şikayətlərdən biri Şikayətlər üzrə Komissiyanın müzakirəsinə təqdim olunacaq. Digər beş məsələ üzrə isə şikayətçilərlə cavabdehlər arasında anlaşma əldə olunub.
***
İclasda məlumat verildi ki, Mətbuat Şurası ölkə Prezidentinin "Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncama uyğun olaraq iki təşəbbüs irəli sürmüşdü. Bunlardan birincisi "Əkinçidən 50 il sonra”, ikincisi "Mətbuatnamə. 150 ilin xronikası” kitabının hazırlanması və çapı idi. Birinci kitabın müəllifi araşdırmaçı jurnalist Müsəllim Həsənov, ikincisinin müəllifi isə MŞ İdarə Heyətinin üzvü, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlıdır. İclasda A.Aşırlının müəllifi olduğu kitabla bağlı ətraflı məlumatı dinlənildi. O bildirdi ki, nəşrdə ötən müddətdə Azərbaycanda işıq üzü görmüş mətbuat orqanları ilə bağlı məlumatlar toplanılıb.
***
Toplantıda MŞ-nin Beynəlxalq əlaqələr komissiyasının sədri Müşfiq Ələsgərlinin İdarə Heyətinin üzvü Yadigar Məmmədli ilə birgə qatıldığı Avropa Müstəqil Mətbuat Şuraları Alyansının (AİPCE) illik toplantısı ilə bağlı bağlı məlumatı da dinlənildi. Komissiya sədri diqqətə çatdırdı ki, Monteneqronun Budva şəhərində təşkil olunmuş tədbirdə AİPCE-yə üzv təşkilatların illik hesabatları, "Rəqəmsal dövrdə mətbuat şuralarının rolu”, "Müharibə şəraitində və təzyiqlər dövründə medianın özünütənzimləmə prinsipləri”, "Yeni şərtlər Etika Kodeksinin dəyişməsini tələb edirmi?”, "Etik kodekslə hüquqi tələblərin toqquşduğu şəraitdə şikayətlərin baxılması qaydası” mövzuları ətrafında müzakirələr aparıldı.
***
İclasda baxılan sonuncu məsələ isə MŞ-yə yeni üzvlərin qəbulu oldu. Müzakirələrdən sonra "Sport Time” jurnalı, "Citypost.az”, "Oxu24.com”, "İqtisadiyyat.az” və "Crossmedia.az” saytları Şuraya üzv qəbul edildilər.
İclasda "Sport Time" jurnalının təsisçisi və baş redaktoru Jalə Rzabəyli göstərilən diqqətə görə MŞ sədri Rəşas Məcidə təşəkkürünü bildirib, jurnalın müxtəlif nömrələri idarə heyətinə təqdim olunub.
9744 oxunub