
Səhər yuxudan durub pəncərəni açanda Bakıya çiskin yağış yağırdı və hər yer çən-duman idi. Bir an Şahbuz-Kükü yadıma düşdü, hüzünləndim, darıxdım... Bir az da dilxor oldum: ürəyimdə dedim ki, bu lap London, "Çelsi" havasıdır... İngilislər bu havanı çox sevirlər, yaşayırlar, belə demək mümkünsə, bu hava onların həyat tərzi, ruhudur. Çətin bu havanı buraxalar. Amma bir də fikirləşdim ki, hava o hava ola bilər, ancaq Bakının-"Qarabağ"ın ab-havası başqadır...
Axşamtərəfi dostlar zəng edib dedilər ki, məkan sifariş vermişik, "Qarabağ"-"Çelsi" matçına birgə baxacağıq.
...Axşam 9-da yaşadığım Bakıxanov qəsəbəsində gündəlik sıxlıq yoxa çıxmışdı. Hər kəs ya Tofiq Bəhrəmov adına mərkəzi stadionda, ya da televizorun qarşısında idi... Bakı birdən-birə sakit, səssiz, pıçıltılı şəhər olmuşdu.
Oyun barədə şərh vermək fikrim yoxdur. Bütün Azərbaycan oyunu izlədi. Necə gərgin, milli bir ruh və mübarizənin, döyüşün aparıldığını hər birimiz gördük.
Fikrimcə, bu, tarixi nəticə (2:2) möhtəşəm Qarabağ Zəfərinin 5 illiyinə ən böyük töhfə, şəhidlərimizin ruhuna şanlı ehtiramdır. Çempionlar liqasında 4 oyuna 7 xal Qafqaz küləyinin fırtınaya çevrildiyinin, İngiltərədən vurub, Danimarkadan, Portuqaliyadan çıxdığının nəticəsidir!
...2 gün sonra Azərbaycan Zəfərin 5 illiyi münasibəti ilə möhtəşəm hərbi parada hazırlaşır. Bundan böyük qürür, fəxarət ola bilməz. Paradın bayraqdarı isə "Qarabağ"dır. Ordu generalı Kərim Vəliyevlə bərabər, futbol generalı Qurban Qurbanov da parad heyətinə başçılıq edir!
Bu andan etibarən Azadlıq meydanında düzülən süvarilər parad heyətinin ön cərgəsində hərəkətə başladılar. 5 il əvvəl olduğu kimi, 5 il sonra da paradı Müzəffər Ali Baş Komandan İlham Əliyev qəbul edir.
Yaşasın Qarabağ,
Var olsun "Qarabağ",
Yaşasın Müzəffər Ordumuz, yaşasın Müzəffər Ali Baş Komandanımız!
"QARABAĞ"a ehtiramla, Sahil Tahirli
7244 oxunub