Azərbaycan atıcılıq üzrə dünya kubokuna ev sahibliyi edir- Fotolar


Bu gün ölkəmizdə atıcılıq üzrə dünya kuboku yarışına start verilib. Bu münasibətlə çempionatın açılış mərasimi keçirilib. 
Sporttimemagazine.az saytının məlumatına görə, Bakı Atıcılıq Mərkəzində keçirilən tədbirdə gənclər və idman nazirinin müavini Mariana Vasileva çıxış edərək qonaqları salamlayıb, bu tədbirin Bakıda keçirilməsini yüksək qiymətləndirib. O, deyib ki, Azərbaycan  2015-ci ildə birinci Avropa Oyunlarına, 2017-ci ildə Azərbaycanda İslam Həmrəyliyi oyunlarına da ev sahibliyi edib. 


Sonra nazir müavini Olimpiya çempionu Zemfira Meftahətdinovanın doğum gününü təbrik edib. 

Daha sonra Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov danışıb. O, öz çıxışında  belə nüfuzlu turnirin  keçirilməsinin əhəmiyyətini qeyd edib. O, Azərbaycanda bir çox nüfuzlu tədbirlərin yüksək səviyyədə keçirildiyini vurğulayıb və idmançılara uğurlar diləyib. 
Sonda Beynəlxalq İdman Atıcılığı Federasiyasının prezidenti Vladimir Lisin çıxış edib. O, Azərbaycan Prezidenti İlham Əliyevin idmana və atıcılığa göstərdiyi yüksək diqqət və qayğıdan danışıb, Gənclər və İdman Nazirliyinə, Atıcılıq Federasiyasına yaradılan gözəl şərait üçün təşəkkür edən Lisin atıcılara uğurlar diləyib. 

Açılışın bədii hissəsində milli rəqqaslarımızın ifası olub, müxtəlif musiqi qrupları çıxış edib.
Məlumat üçün bildirək ki, yarışın ilk  günündə 10 metr məsafəyə tüfəng, pnevmatik tapançadan atəşaçma üzrə kişilər və qadınlar seçmə mərhələdə iştirak edirlər. 
Dünya kubokunda  66 ölkədən 705 idmançı 30 növdə gücünü sınayacaq.
Azərbaycan komandası yarışda 36 idmançı ilə təmsil olunur. 
Qeyd edək ki, atıcılar 30-u qızıl olmaqla, 188 medal uğrunda mübarizə aparacaq. 
İdmançılarımıza uğurlar diləyir, onlardan yüksək nəticələr gözləyirik.

1473 oxunub