Çoxsaylı beynəxalq yarışların qalibi və mükafatçısı Elmar Qasımov peşəkar cüdo karyerasını bitirməyə qərar verib.
"Cüdo mənim həyatımda mühüm rol oynayıb. Karyeram boyu hər zaman möhtərəm prezident İlham Əliyevin bütün idmançılar kimi, mən də diqqətini və qayğısını hiss etmişəm. Buna görə ölkə başçısına dərin minnətdarlığımı bildirirəm. Həmçinin, bu yolda məni müşayət edən məşqçilərimə –Fərhad Məmmədova, Əli Dəvrişova, Ağayar Axundzadəyə, Hacıağa Hacıəhmədova, Mövlud Mirəliyevə, o cümlədən, əldə etdiyim nailiyyətlərdə mənə dəstək olan Azərbaycan Cüdo Federasiyasına, milli yığmanın tibbi və texniki heyətinə təşəkkürümü bildirirəm. Hazırda hədəflərim başqadır və diqqətimi yeni planlarıma yönəltmək istəyirəm,” – deyə Elmar Qasımov bildirib.
Xatırladaq ki, Elmar Qasımov idman karyerası müddətində çoxsaylı uğurlara imza atıb. O, 2016-cı il Rio Yay Olimpiya Oyunlarının gümüş medalçısı olmaqla yanaşı, 2009-cu ildə İrəvan şəhərində keçirilən gənclərin Avropa Çempionatında qızıl medal qazanaraq himnimizi səsləndirib, bayrağımızı qaldırıb. O, dünya çempionatının bürünc mükafatçısı və Avropa çempionatının üçqat mükafatçısıdır. İki dəfə nüfuzlu "Masters” turnirinin qalibi olub. Böyük Dəbilqə və Qran Pri yarışlarında ümumilikdə 18 medal qazanıb.
11215 oxunub