Bakıda bədii gimnastika üzrə Avropa çempionatının təntənəli açılış mərasimi -Fotolar


Mayın 17-də,Bakıda bədii gimnastika üzrə 39-cu Avropa çempionatının təntənəli açılış mərasimi keçirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva açılış mərasimini izləyib.
Əvvəlcə iştirakçı ölkələrin paradı keçirilib.
Daha sonra hakimlərin, gimnastların və məşqçilərin adından and içilib. İspaniya Gimnastika Federasiyasının nümayəndəsi Monika Fornie Qarsia hakimlər, azərbaycanlı gimnast Güllü Ağalarzadə atletlər, Monteneqro yığma komandasının məşqçisi Vesna Radoniç isə məşqçilər adından təntənəli şəkildə and içiblər. Bu andlar bütün iştirakçılara və tamaşaçılara sağlam rəqabət, ədalətli hakimlik və idmanda ədalət prinsip və ideallarına riayət edilməsinin ən yüksək prioritetə sahib olduğunu bir daha xatırladıb.
Avropa Gimnastikasının prezidenti, Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov açılış mərasimində iştirakçıları təbrik edərək uğurlar arzulayıb. Azərbaycanın artıq beşinci dəfədir bədii gimnastika üzrə Avropa çempionatına ev sahibliyi etdiyini xatırladan F.Qayıbov ölkəmizdə gimnastikanın bu növü üzrə iki dəfə dünya çempionatının təşkil olunduğunu deyib. Bildirib ki, bir neçə gün əvvəl Beynəlxalq Gimnastika Federasiyası Şurası 2027-ci il dünya çempionatını yenidən ölkəmizə həvalə edib. Bu münasibətlə bütün gimnastikasevərləri təbrik edirəm.
Yarışın yüksək səviyyədə təşkilinə görə, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya, yerli Təşkilat Komitəsinə və könüllülərə təşəkkürünü bildirən F.Qayıbov qeyd edib ki, belə mötəbər yarışın keçirilməsində dövlətin qayğısı danılmazdır. Azərbaycan Prezidenti İlham Əliyev həmişə idmana və idmançılara böyük diqqət ilə yanaşır.
İştirakçılara uğurlar arzulayan F.Qayıbov çempionatı açıq elan edib.
Sonra məşhur müğənni Vaqif Nağıyev Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirib.
Açılış mərasimi Avropa çempionatı üçün hazırlanmış xüsusi şou ilə davam edib. Gimnastlarla yanaşı, məşqçilər və xoreoqraflar da bənzərsiz şounun bir hissəsi olub, tamaşaçılara xoş anlar yaşadıblar. Xüsusi işıq effektləri ilə bol bədii proqramda təşkilatçılar çempionatın şüarı "Ulduz kimi parla”nı böyük ustalıqla gimnastikasevərlərə təqdim ediblər.
Daha sonra məşhur müğənni Hiss konsert proqramı ilə çıxış edib.
Bədii hissə başa çatdıqdan sonra gənc gimnastlardan ibarət qrup hərəkətləri komandaları beş ip və beş topla final proqramlarında xalça üzərinə çıxıblar.
"Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparacaq. Fərdi gimnastlar ayrı-ayrı alətlər (top, halqa, gürzlər lent), komanda hesabı və çoxnövçülük proqramında çıxış edəcəklər.
Qrup hərəkətləri üzrə komandalar böyüklər arasında beş halqa, üç lent və iki top, gənclər arasında isə beş ip və beş top proqramında güclərini sınayacaqlar.
Yarışda ölkəmizi böyüklər arasında fərdi növdə Zöhrə Ağamirova və İlona Zeynalova təmsil edəcəklər. Qrup hərəkətləri proqramında isə böyüklər arasında xalça üzərinə Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokina çıxacaqlar. Gənclərin yarışında isə Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət qrup komandamız mübarizəyə qoşulacaq.

        


60105 oxunub