Türkiyədə məşhur olan, bizim də çox istifadə etdiyimiz bir deyim var: "Bir fincan qəhvənin 40 il xətri vardır”. Bəs bu deyimin yaranma hekayəsi haradan gəlir? Nəyə görə bir qəhvənin 40 il xətri var deyilir? Bu sualın cavabı bir çox rəvayətlərlə açıqlanır. Bunlardan ən məşhuru isə, Üsküdar Bələdiyyəsinin Mədəniyyət Xidmətləri Arxivində qeyd olunmuşdur. Qaynağı Üsküdarlı gənc Bilgə Yusuf ilə rum balıqçı Stelyo arasında baş verən hadisəyə əsaslanır.
1895-ci ildə Eminönündə bir "Balıkçı kahvesi” var imiş. Bir gün buraya gələn Osmanlı zabiti: "Yusuf, məndən hamıya böyük bir fincan qəhvə ver, amma orada oturan rum palikarı üçün yox. Ona mənim qəhvəm də, akçem də (Osmanlıda pul vahidi olan gümüş sikkə) haramdır”,- deyir və oturur. Bilgə Yusuf Osmanlı zabitinin istəyini yerinə yetirir və hər kəsə qəhvə gətirir. Sonra bir qəhvə də hazırlayıb Stelyonun qarşısına qoyur. Stelyo təəccüb və minnətdarlıqla Yusufun gözlərinin içinə baxır. Bu vəziyyəti görən zabit kükrəyərək qışqırır ki, mən ona qəhvənin haram olduğunu demədimmi? Bilgə Yusuf təmkinini saxlayır və cavab verir: "O qəhvə məndəndir və ona halaldır”.
Zaman keçir, il olur 1905. Samos adasında rum üsyanı başlayır. Bu vaxt adaya əsgərlər göndərilməsinə qərar verilir. Yusuf da o zaman əsgər idi və təəssüf ki, o birinci münaqişədə əsir düşür. O, iki il Samos adasının zindanlarında qaldıqdan sonra rum dəstə üzvləri Bilgə Yusufu zindandan azad edərək qul bazarına aparır və satmaq qərarına gəlirlər.
Hərrac başlayır. Qullara qoyulan qiymət səsləri qalxmağa başlayır və bir səs gəlir: " Məndən o türkə 5 quruş, dərhal alıram”. Hamı təəccüblənir və sükut hökm sürür. 5 quruşu verən rum, Yusufu alıb, at arabasına mindirib kənddən çıxarır. Onlar dənizə yaxın bir yerə çatanda rum maşını saxlayıb Yusifə dönüb: "Azadsan, Bilgə Yusuf”,- deyir. İki il həbsdə olan və qul bazarında satılan Yusuf bu vəziyyətə təəccüblənir. Yusuf: "Sən kimsən, nəçisən, məni niyə buraxırsan?",- deyə soruşur. Rum da ona dönüb deyir ki, məni tanımadınmı, Yusuf, mən balıqçı Stelyoyam.
Yusuf düşünür amma onu tanıya bilmir. Bunun üzərinə balıqçı Stelyo 1895-ci ilə qayıdır və 12 il əvvəl qəhvəxanada baş verənləri danışmağa başlayır və "Mən o fincan qəhvəni halal verdiyin balıqçı Stelyoyam”,- deyir. Yusuf çox duyğulanır, Stelyonu qucaqlayır və ona təşəkkür edir.
Stelyo Yusufu qaçaq yolla adadan çıxarıb İstanbula göndərir. Daha sonra bu iki insan dost olur və dostluqları 35 il davam edir. Hər il bir-birlərini ziyarət edən dostlar başlarına gələn bu hadisəni övladlarına, nəvələrinə danışırlar.
Hər görüşdə bir fincan qəhvələri mütləq olur. Yusuf və Stelyo övladlarına və nəvələrinə "Bax bu bir fincan qəhvənin 40 il xətri vardır”,- deyə söyləyirlər. O gündən bu günə bu ifadə əfsanəyə çevrilir və günümüzə qədər gəlib çatır.
Bu hekayə edilən yaxşılıqların nə qədər dəyərli olduğunu və heç vaxt itmədiyini bizə xatırladır.
Fidan Türk
(Yazıda Üsküdar Belediyesi Kültür Hizmetleri Arşivinin materialından istifadə olunmuşdur)
66889 oxunub