
Naxçıvan Rəssamlar Birliyində tanınmış rəssam Mənsur Əsgərlinin "Hisslərin yaddaşı" adlı sərgisi təşkil olunub.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Ülviyyə Həmzəyeva açaraq bildirib ki, sərgi, yalnız rəssamın estetik dünyasını deyil, həm də onun daxili aləmindəki ən dərin hissləri və təcrübələri özündə əks etdirir. "Mənsur Əsgərli, müasir Azərbaycan rəssamlığında özünəməxsus mövqe tutan rəssamdır. Onun əsərləri hisslərin və düşüncələrin təcəssümünün bariz nümunəsidir. Sərgidə təqdim olunan əsərlər, rəssamın həyat təcrübəsinin formal ifadəsidir",- deyə Ülviyyə Həmzəyeva bildirib.
Sonra sərginin müəllifi Mənsur Əsgərli çıxış edərək qeyd edib ki, bu sərgi yalnız sənət əsərlərini təqdim etməyi deyil, eyni zamanda daxili aləmin, hisslərin və yaddaşın mürəkkəb dünyasını kəşf etmək və paylaşmaq üçün imkan yaratdı. "Hər bir rəsm əsəri, şəxsi təcrübədən və daxili mübarizədən ilham alıb. Hisslərin, təcrübələrin və yaddaşın sənət vasitəsilə necə formalaşdığını izah etməyə çalışır. Hər bir insanın özünəxas yaddaşı var və bu yaddaşda hisslər müəyyən bir iz buraxır. Məqsəd isə bu hissləri rənglər və formalar vasitəsilə izləyicilərə çatdırmaqdır".
Daha sonra rəssam Cavid İsmayılov, Qəhrəman Tağıyev, İsmayıl Ağayev və başqaları çıxış edərək əsərlərin mənaları, yaradıcı prosesləri və hisslərin necə təsvir olunduğu ilə bağlı çıxışlar ediblər.
Tədbir qonaqların sərgiyə baxışı ilə yekunlaşıb.
Qeyd edək ki, sərgi "Konstutisiya və Suverenlik” ilinə həsr olunub.
Səma Hüseynli-NTV
4797 oxunub