Zemfira Meftahətdinova:"Bu səbəbdən dünya çempionatında qalibiyyət əldə etmək çox çətindir”


Paytaxtımızda keçirilən atıcılıq üzrə dünya çempionatı davam edir. Hazırda stend və dairəvi stend atıcılıq növləri üzrə yarışlar başa çatıb.


Milli Olimpiya Komitəsinin və Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Zemfira Meftahətdinova Bakıda təşkil olunan atıcılıq üzrə 53-cü dünya çempionatı barədə danışarkən deyib ki,
avqustun 23-də səngər atıcılığı üzrə yarış başlayacaq.

"İdmançılarımız bu növdə də öz şanslarını sınayacaqlar. Bu gün isə 25 metrdə atıcılıq üzrə yarışlara start verilib. Bu növdə azərbaycanlı idmançılar da iştirak edirlər”, deyə Zemfira xanım əlavə edib.


Dünya çempionatında 31 idmançımızın mübarizə apardığını xatırladan Zemfira Meftahətdinova nəticələrin pis olmadığını söyləyib: "Onlar öz rekordlarını yeniləyiblər. Mənə elə gəlir ki, idmançılarımız gələcəkdə bu idman növündə çox güclənəcəklər. Bakıda keçirilən yarışda dünya və Olimpiya çempionları iştirak edirlər. Bu səbəbdən dünya çempionatında qalibiyyət əldə etmək çox çətindir”.


8121 oxunub