"Dəfələrlə müxtəlif tədbir və konsertlərdə Azərbaycan Himnini ifa etmişəm"


"Azərbaycan musiqisini dünyanın müxtəlif ölkələrində təmsil etməkdən qürur duyuram. Artıq dəfələrlə müxtəlif tədbir və konsertlərdə Azərbaycan Dövlət Himnini ifa etmişəm və fəxr edirəm ki, futbol üzrə Azərbaycan milli komandasının Slovakiya ilə səfər görüşündə mavi ekranlar qarşısındakı milyonlarla seyrçi üçün yenidən Azərbaycan himnini səsləndirdim".

Bu fikirləri Avstriyada yaşayan alman-kuba əsilli vokalçı və artist Karen Danqer-Manafzadə UEFA Millətlər Liqasının qrup mərhələsində Slovakiya-Azərbaycan qarşılaşmasından öncə Azərbaycan himnini səsləndirməsi ilə bağlı təəssüratlarını bölüşərkən səsləndirib.

Qeyd edək ki, himnimizin ifası Slovak Futbol Federasiyasının təşəbbüsü və Azərbaycanın bu ölkədəki səfirliyinə müraciət etməsi əsasında baş tutub. Müraciəti müsbət cavablandıran Karen Danqer-Manafzadə həyat yoldaşı ilə Slovakiyanın Koşitse şəhərində baş tutan oyundan öncə Azərbaycan milli himnini ifa etmək üçün hazırlaşıb.

Xatırladaq ki, Karen Danger-Manafzadə Azərbaycanın Əməkdar artisti, dünyaşöhrətli pianoçu İslam Manafovun oğlu, pianoçu, dirijor, bəstəkar Abuzər Manafzadənin həyat yoldaşıdır. Onlar ailəlikcə müxtəlif ölkələrdə Azərbaycan musiqisini tanıdır və konsert proqramları ilə çıxışlar edirlər. 


Elgün Niftəli

"Azərtac"ın xüsusi müxbiri

Vyana



7022 oxunub