Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi (MOK) və Olimpiya Kanalının İspaniyanın paytaxtı Madriddə təşkil etdiyi ikinci rəqəmsal kommunikasiya və media seminarı başa çatıb.
Seminar Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Olimpiya Həmrəyliyi Fondunun maliyyə və texniki dəstəyi ilə təşkil edilib.
Seminara Azərbaycan da daxil olmaqla, Avropanın 10 ölkəsi - Albaniya, Sloveniya, Slovakiya, Serbiya, Polşa, Çexiya, Xorvatiya, Belarus və Türkiyənin Milli Olimpiya komitələrinin müvafiq sahədə çalışan əməkdaşları qatılıblar.
Seminarın əsas məqsədi BOK-un "Olimpiya Gündəliyi 2020” sənədinə uyğun olaraq milli Olimpiya komitələri arasında əməkdaşlığın gücləndirilməsi, sosial media platformaları vasitəsilə hazırkı trendlərin istifadəsi, hər bir platformaya uyğun strategiyanın hazırlanması və effektiv həyata keçirilməsi, 2020-ci ildə Lozannada baş tutacaq Yeniyetmələrin Qış Olimpiya Oyunlarına və "Tokio 2020” Yay Olimpiya Oyunlarına hazırlıq işlərindən ibarət olub.
MOK-un marketinq direktoru Mehman Kərimovun sözlərinə görə, Olimpiya Kanalının baş qərargahında təşkil edilmiş ilk belə regional seminar MOK və Olimpiya Kanalı arasında 2016-cı ildən yaranmış sıx əməkdaşlıq nəticəsində baş tutub. Məzmun və formatına görə ilk belə seminarın keçirilməsində BOK Olimpiya Həmrəyliyi Fondunun misilsiz rolunu qeyd edən M.Kərimov bunun da MOK üçün böyük etimad olduğunu vurğulayıb.
Olimpiya Kanalının baş meneceri Mark Parkman MOK-un tarixi əhəmiyyətli belə bir seminarın qurumun Madriddəki baş qərargahında təşkil edilməsi təşəbbüsünü yüksək qiymətləndirib və uğurlu əməkdaşlığa görə komitəyə dərin minnətdarlığını bildirib. M.Parkman seminarın təkcə milli Olimpiya komitələri arasında deyil, həm də üzv komitələr ilə Olimpiya Kanalı arasında fərdi və qrup əməkdaşlığının güclənməsinə təkan verəcəyini vurğulayaraq qurum üçün 2020-ci ildə baş tutacaq Oyunlar öncəsi xüsusi əhəmiyyət daşıdığını söyləyib.
Üç gün davam edən seminarda iştirakçılara Olimpiya Kanalının mütəxəssisləri tərəfindən rəqəmsal kommunikasiya və sosial media sahəsində baş verən son trendlər, müvafiq sahədə 2020-ci ildə Lozannada baş tutacaq Yeniyetmələrin Qış Olimpiya Oyunları və "Tokio 2020” üçün planlaşdırılmış fəaliyyətlər haqqında ətraflı məlumat verilib. Mövzuya dair effektiv strategiyanın qurulması və idarə edilməsi, geniş auditoriyaya hesablanmış məzmunun yaradılması, böyük idman tədbirləri, xüsusilə Olimpiya Oyunları zamanı sosial mediadan daha düzgün istifadəyə dair təqdimatlar və praktik müzakirələr də seminarın proqramına daxil idi. Təcrübə mübadiləsi məqsədi ilə Azərbaycan, Çexiya və Albaniya Milli Olimpiya komitələri seminar iştirakçılarına mövzuya dair həyata keçirilmiş işlər, əldə edilmiş nailiyyətlər və 2020-ci ildə baş tutacaq Olimpiya Oyunlarına hazırlıq planlarını təqdim ediblər.
Seminarın sonunda tədbir iştirakçılarına təşkilatçı və dəstəkçi qurumların sertifikat və hədiyyələri ilə təqdim olunub.
25088 oxunub