Azərbaycan Qol Güləşi Federasiyası (AQGF) regionlarda idmanın inkişafı istiqamətində fəaliyyətini uğurla davam etdirir.
Federasiyanın təsis olunmasının 15-ci ildönümü münasibətilə Zaqatalada qol güləşi İdman Mərkəzi açılıb. Həmçinin Zaqatala, Balakən və Qax üzrə yeni regional nümayəndəlik yaradılıb.
Açılış mərasimində AQGF-nin prezidenti, Beynəlxalq Qol Güləşi Federasiyası prezidentinin müşaviri Cəsarət Əhmədov mərkəzin fəaliyyətini yüksək qiymətləndirib. Bildirib ki, Zaqataladan həmişə güclü idmançılar çıxıb. Onlar ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edib, üçrəngli bayrağımızı dalğalandırıblar.
Ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışan Cəsarət Əhmədov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan idman siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib, mərkəzin fəaliyyətə başlaması münasibətilə zaqatalalıları təbrik edib.
Mərasim zamanı Cəsarət Əhmədov beynəlxalq standartlar əsasında hazırlanmış peşəkar qol güləşi masasını Mərkəzə hədiyyə edib.
Federasiyanın yeni regional nümayəndəliyinin rəhbəri qol güləşi idman növündə ağır çəki dərəcəsində gənclər arasında ölkə çempionu, Avropa çempionatının bürünc mükafatçısı Rüfət Devricov təyin edilib.
Qeyd edək ki, Mərkəzdə idmanın bu növü üzrə məşqlərlə yanaşı, həvəskarlar müasir avadanlıqla təchiz olunmuş zalda sərbəst məşqlər edə biləcəklər.
AQGF-nin əsas məqsədi respublikanın bütün regionlarında sağlam və vətənpərvər gənclərin yetişməsidir.
17054 oxunub