İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi "Liv Bona Dea Hospitalı"na mediatur təşkil edib.
Sporttimemagazine.az xəbər verir ki, mediaturun məqsədi media və qeyri-hökumət təşkilatlarını agentliyin müqaviləli tibb müəssisələrində icbari tibbi sığorta sisteminin tətbiqi ilə tanış etmək, xəstəxanada ürək qüsuru ilə doğulan uşaqların dövlət büdcəsi hesabına əməliyyat olunması barədə məlumatlandırmaq və pasiyentlərin sığorta sistemindən istifadəetmə prosesini izləmələrinə imkan yaratmaqdır.
Səfər çərçivəsində iştirakçılara xəstəxanada icbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində göstərilən tibbi xidmətlər barədə məlumat verilib. Hospitalda icbari tibbi sığortanın tətbiqinə 2022-ci ilin mart ayından başlanılıb. Göndəriş vasitəsilə hospitala sığorta çərçivəsində tibbi xidmət almaq üçün müraciətlər əsasən ürək-damar cərrahiyyəsi, invaziv radiologiya, kardiologiya, oftalmologiya, travmatologiya, urologiya və digər sahələr üzrə olur. Bu günə qədər xəstəxanada 2500-dən çox cərrahi əməliyyat icra olunub. Bu cərrahi əməliyyatlar sırasında travmatoloji, oftalmoloji, uroloji, invaziv kardioloji/radioloji, endoprotezləşdirmə və s. xidmətlər yer alıb. Hospitalda ildən-ilə icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin sayında artım müşahidə olunub. Belə ki, 2022-ci ildə hospitalda 1991 tibbi xidmət göstərilib. 2023-cü ildə isə vətəndaşlar 5779 tibbi xidmətdən yararlanıb. Tibbi xidmətlərin 67 faizi ambulator, 33 faizi isə stasionar şəraitdə göstərilib.
Qeyd edək ki, agentlik və Bona Dea Hospitalı arasında anadangəlmə ürək qüsuru ilə doğulan uşaqların dövlət büdcəsi hesabına əməliyyat olunmasına dair imzalanmış müqaviləyə əsasən sözügedən xəstəliyin aradan qaldırılması üzrə ümumilikdə 44 tibbi xidmət göstərilir. Bu xidmətlərə ürək qapaqlarının bərpası və ya dəyişdirilməsi, kardiostimulyatorların implantasiyası və dəyişdirilməsi, ürəkətrafı kisənin açılması və digər tibbi prosedurlar daxildir. 2023-cü ilin noyabrından bu günədək 95 uşaq əməliyyat olunub.
Mediatur iştirakçıları icbari tibbi sığorta çərçivəsində əməliyyat olunan pasiyentlərin rəylərini öyrəniblər.
Daha sonra media və qeyri-hökumət təşkilatlarının nümayəndələrinə hospital tərəfindən "check-up” müayinə paketi hədiyyə olunub.
13370 oxunub