Quduzluq ev və kənd təsərrüfatı heyvanları, vəhşi heyvanlar, həmçinin insanlar arasında rast gəlinən və mərkəzi sinir sisteminin iltihabı (ensefalit) ilə səciyyələnən, virus mənşəli, zoonoz infeksion xəstəlikdir. Respublikamızda quduzluq xəstəliyi endemik olmaqla, xüsusi təhlükəli xəstəliklər sırasına daxildir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, quduzluq virusu əsasən Asiya və Afrika ölkələri olmaqla, dünyada hər il 50 mindən çox insanın ölümünə səbəb olur. Son zamanlar isə dünyada baş verən iqlim dəyişiklikləri, biomüxtəliflik və ekoloji balansın pozulması səbəbindən vəhşi heyvanlar arasında miqrasiya genişlənib və yeni xəstəlik ocaqlarının yaranması riski xeyli artıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, quduzluq xəstəliyin törədicisi olan "Rabies” virusu taksonomik olaraq "Mononegavirales” sırasının "Rhabdoviridae” ailəsinə və "Lyssavirus” cinsinə mənsubdur. Törədici mənşə etibarilə RNT tərkibli olmaqla, neyrotrop (sinir toxumasına sirayət etməyə meyilli) xüsusiyyətlidir. Virus xəstə heyvanların ağız suyu ilə ifraz edildiyindən, xəstəlik daha çox quduz heyvanların dişləməsi nəticəsində baş verir. Xəstəlik törədicisinin əsas mənbəyi xəstə ev heyvanları və vəhşi heyvanlar hesab olunur. İnsanlar arasında yoluxma, əsasən, xəstə ev heyvanlarının, xüsusilə itlərin dişləməsi ilə baş versə də, zədələnmiş dəri və selikli qişaların xəstə heyvanların ağız suyu ilə təması da yoluxmaya səbəb olur.
Heyvanlarda xəstəliyin patogenezi şərti olaraq üç fazaya ayrılır. Bunlar ekstranevral (virusun giriş qapısında çoxalması), intranevral (virusun MSS-də (baş, üz, boyun, yuxarı və ya ön ətraflar) yayılması) və disseminasiya (kliniki əlamətlərin təzahürü və heyvan ölümü) fazalarıdır. MSS-də artıb çoxalan virus baş və onurğa beynində yaranan degenerativ dəyişikliklərə səbəb olduğundan xəstəliyə yoluxma adətən heyvanların ölümü ilə nəticələnir.
Quduzluğun inkubasiya dövrü dəyişkən olub, bir neçə gündən bir neçə aya qədər davam edə bilər. Bu virusun virulentliyi dişlənmə yerinin ölçüləri, lokalizasiya nahiyəsi və digər amillərdən asılıdır. Dişlək yarası MSS-yə yaxın olduqda, inkubasiya dövrü qısa olur. Xəstəlik çox vaxt iti formada təzahür edir. Xəstəliyin ilkin əlamətlərinə hərarətin yüksəlməsi, iştahasızlıq, dehidratasiya, qusma, ishal, intensiv ağız suyu ifrazı, hidrofobiya (sudan qorxma), aerofobiya (küləkdən qorxma), akustikofobiya (səsdən qorxma) kimi sinir sistemi pozğunluqlarını şamil etmək olar. Bütün növ heyvanlarda kliniki əlamətlər oxşar olsa da, xəstəliyin tipik simptomları itlərdə müşahidə olunmaqla, adətən coşqun və sakit formalarda təzahür edir. Xəstəliyin coşqun forması, öz növbəsində, prodromal, oyanma və iflic (paralitik) mərhələlərinə bölünür.
Heyvanlarda quduzluq xəstəliyinin spesifik müalicə üsulu yoxdur. Odur ki, xəstəlik aşkar edilmiş heyvanlar evtanaziya edilərək, cəsədləri yandırılmaqla zərərsizləşdirilir. İnsanları dişləmiş heyvanlar (it və ya pişiklər) iki həftəyə qədər izolyasiya edilərək müşahidə altında saxlanılmalı, zərərçəkmiş şəxsə müalicə kursunun təyin olunması üçün dərhal tibb müəssisəsinə müraciət olunmalıdır. İlkin yardım kimi dişlənmə yerinin çoxlu sabunlu su ilə yuyulması tövsiyə olunur.
Qeyd edək ki, beynəlxalq təcrübədə vəhşi heyvanların oral peyvəndlənməsi quduzluqla mübarizədə əsas vasitə kimi tanınır. Məhz bu yolla vəhşi heyvan populyasiyalarında quduzluğun idarə edilməsi, o cümlədən quduzluq virusunun yayılmasının qarşısının alınması və bioloji zəncirin qırılmasına nail olunması mümkündür. Bu məqsədlə ölkəmizdə vəhşi heyvanların quduzluq əleyhinə oral peyvəndləməsi aparılır. Attenuasiya edilmiş (zəiflədilmiş) diri quduzluq virusu ştamlarından (klonlar) hazırlanmış briket formalı "aldadıcı yem”lərdən istifadə olunur. Bu çərçivədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi müvafiq qurumlarla birgə ətyeyən vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı 2023 və 2024-cü illərdə helikopter vasitəsilə peyvəndləmə aparıb. Peyvəndləmə respublikanın müxtəlif rayonlarının ərazisində dağlıq və meşəlik sahələrdə aldadıcı yem vasitəsilə həyata keçirilib. Tərtib edilmiş xəritə və müəyyənləşdirilmiş marşrut üzrə relyef quruluşu nəzərə alınmaqla, kəndətrafı meşə zolaqlarına quduzluq xəstəliyi əleyhinə peyvənd vasitəsi olan "Rabadrop oral suspenziyası” səpələnib. Ev heyvanlarının peyvəndlənməsi isə suspenziya halında olan inaktivləşdirilmiş peyvəndlərin parenteral inyeksiyası ilə həyata keçirilir.
Azərbaycan Respublikası ÜST, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Quduzluğa Nəzarət Qlobal Alyansının 2030-cu ilə kimi quduzluğun ləğvi və insan ölümünün sıfra endirilməsi istiqamətində birgə tədbirlərin həyata keçirilməsi haqqında bəyannaməyə qoşulub. ÜHST-nin hesabatına əsasən, 2023-cü ildə respublikamızla sərhəddə yerləşən Rusiya, Gürcüstan, Türkiyə, Ermənistan və İranda quduzluq xəstəliyinə görə epizootik situasiyanın dəyişkən olması və heyvanlar arasında quduzluq xəstəliyinə yoluxma halları qeydə alınıb.
Qeyd olunanlar nəzərə alınaraq, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nəzarəti ilə ölkəmizdə vəhşi faunada, eləcə də ev heyvanları arasında quduzluq xəstəliyinin ləğvi istiqamətində zəruri dövri profilaktiki peyvəndləmə tədbirlərinin həyata keçirilməsi davam etdirilir. Bu da öz müsbət nəticələrini verir.
4366 oxunub