
"Prezident İlham Əliyev öz yüksək enerjisi və fəaliyyətindəki dinamika ilə heyrətləndirməkdə davam edir. Dünən cənab Prezident Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirə keçirmişdi.
Bu gün isə artıq Tərtərdə və Ağdərədə sevindirici açılışlarda, önəmli tədbirlərdə iştirak edib. Paytaxtdakı vacib tədbirlər öz yerində, etiraf edək ki, qışın bu soyuq günlərində Qarabağın bölgələrini gəzmək, aparılan işlərlə yerindəcə tanış olmaq üçün xüsusi şövq və enerji lazımdır. Dövlət başçısının təkcə bir neçə saat ərzində etdiyi açılışların, baş çəkdiyi obyektlərin zəngin siyahısı istər-istəməz xoş heyrət doğurur".
Sporttimemagazine.az bildirir ki, bu sözləri Azərbaycan Mətbuat Şurasının sədri, yazıçı Rəşad Məcid sosial platformasında qeyd edib.
O, əlavə edib ki, bu qısa vaxt ərzində cənab Prezident Ağdərə rayonunun Çapar kəndində görülmüş işlərlə tanış olub, kəndə köçmüş Kəmalə Dadaşovanın ailəsinə baş çəkərək yaşayış şəraiti ilə maraqlanıb.
"Prezident həmçinin Heyvalı kənd sakini Sarvan Abbasovun ailəsinə baş çəkib, yeni evdə yaradılmış şəraitlə tanış olub.
Dövlət rəhbəri bu dəqiqələrədək Ağdərənin Çapar, Heyvalı, Çıldıran, Canyataq, Aşağı Oratağ kəndlərinə baş çəkib. Tərtər Elektromexanika Zavodunun ardınca "Qozlukörpü” Su Elektrik Stansiyasının açılışını edib, "Dəmirli” Filiz Emalı Kompleksindəki işlərlə tanış olub.
Danılmaz həqiqətdir ki, Azərbaycanın müasir sürətli və hərtərəfli inkişafı, xüsusilə Qarabağın, Şərqi Zəngəzurun günbəgün abadlaşması ilk növbədə Prezident İlham Əliyevin bu müstəsna həvəsi, enerjisi və gücü sayəsində gerçəkləşir",- deyə Rəşad Məcid bildirib.
Yazıçı səmimi fikirlərini bu sözlərlə bitirib: "Şövqünüz də, güc-qüdrətiniz də tükənməsin, cənab Prezident".
5841 oxunub