Sahib Paşazadə Parisdə 20 Yanvar şəhidlərinə həsr olunan tədbirdə çıxış edib -Fotolar


Beynəlxalq Muğam Mərkəzinin direktoru Sahib Paşazadə Parisdə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan tədbirdə çıxış edib.
Sporttimemagazine.az saytının əldə etdiyi məlumata görə, Azərbaycanın Fransadakı səfirliyi və Azərbaycanın Dostları Assosiasiyasının birgə təşkilatçılığı ilə Parisdə 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi ehtiramla anılıb.
Tədbirdə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verən qanlı hadisələrdən danışıb. Diplomat bildirib ki, 1990-cı il 20 yanvar tarixi Azərbaycan xalqının azadlıq mübarizəsində dönüş nöqtəsi, milli yaddaşımıza həkk olunmuş faciəvi və eyni zamanda qəhrəmanlıq dolu gündür. Qanlı Yanvar hadisələri Azərbaycan xalqının azadlıq iradəsini sındıra bilmədi. Əksinə, bu faciə milli birliyi gücləndirdi, müstəqillik ideyasını daha da möhkəmləndirdi. Tankların və silahların qarşısına əliyalın çıxan insanlar azadlıq uğrunda canlarını fəda edərək tarix yazdılar və gələcək müstəqil dövlətin təməlini qoydular.
Səfir vurğulayıb ki, 20 Yanvar faciəsi yalnız matəm günü deyil, həm də Azərbaycanın dövlət müstəqilliyinə aparan yolun başlanğıcıdır. Məhz bu yol 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə tarixi Zəfərə gətirib çıxardı. 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu işğal altındakı torpaqları azad etdi və xalqın 30 illik ədalət, suverenlik arzusu gerçəkləşdi.
Sonra Azərbaycanın Dostları Assosiasiyasının (ADA) yeni prezidenti Jerom Begən çıxış edib. O, ADA və onun fəaliyyəti haqqında məlumat verərək, Azərbaycan mədəniyyətinin təşviqinin və üzvlərin sayının artırılmasının vacibliyini vurğulayıb.
Tədbirin bədii hissəsində Əməkdar artist, tarzən Sahib Paşazadə, Uşaq Filarmoniyasının direktoru, pianoçu Səidə Tağızadə və İtaliyada təhsil alan həmyerlimiz, vokal ifaçısı Sona İsgəndərlinin  iştirakı ilə Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib.

7625 oxunub