IV İslam Həmrəyliyi Oyunlarının möhtəşəm açılış mərasimi


Paytaxt Bakı səbirsizliklə gözlənilən anın – IV İslam Həmrəyliyi Oyunlarının açılışının həyəcan və sevincini yaşadı. Xatırladaq ki, IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi barədə qərar 2013-cü ilin iyulunda İslam Həmrəyliyi İdman Federasiyasının VIII Baş Assambleyasında qəbul olunub. 2015-ci il sentyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması barədə Sərəncam imzalayıb. Ötən müddətdə Təşkilat Komitəsinin sədri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Oyunlara geniş hazırlıq işləri görülüb. Bakının 16 idman arenasının hər biri yarışlara yüksək səviyyədə hazırlanıb və digər zəruri təşkilati tədbirlər həyata keçirilib. Tam əminliklə demək olar ki, "Bakı-2017” İslamiadanın tarixinə ən möhtəşəm idman bayramı kimi yazılacaq. Son illər Azərbaycan ilk Avropa Oyunları, Dünya Şahmat Olimpiadası, 17 yaşadək futbolçular arasında Avropa çempionatı, bədii gimnastika üzrə Dünya Kuboku, "Formula 1” kimi beynəlxalq yarışlara uğurla ev sahibliyi edib. Odlar Yurdu dünyada artıq idman ölkəsi kimi tanınır. "Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının uğurunu şərtləndirən digər amil məhz bu sahədə qazanılan zəngin təcrübədir. Azərbaycanın ev sahibi olduğu İslam Həmrəyliyi Oyunlarında 54 ölkədən 3 mindən çox idmançı, 1000-dən çox komanda rəsmiləri və bir o qədər də texniki nümayəndə iştirak edib. Bu rəqəmlər özlüyündə bir rekorddur. Çünki bu vaxtadək İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin qatılması heç vaxt müşahidə olunmayıb. İdmanın 24 növü üzrə keçirilən yarışlarda atletlər 269 dəst medal uğrunda mübarizə aparıblar. Azərbaycanı bu Oyunlarda 425 atlet təmsil edib. Qaliblərə ümumilikdə 1600 medal təqdim edilib. IV İslam Həmrəyliyi Oyunlarını 50-dən çox ölkədə 1 milyarddan çox tamaşaçı izləyib.Yarışları işıqlandırmaq üçün 1000-dən çox media nümayəndəsi akkreditasiyadan keçib. AzərTAC-ın verdiyi məlumata görə, Oyunların proqramına daxil edilmiş 165 idman yarışı üçün 500 mindən çox bilet satışa çıxarılıb. Oyunların su səyahətinin, təntənəli açılış və bağlanış mərasimlərinin təşkilinə 31 ölkədən 5 mindən çox mütəxəssis cəlb olunub. Mərasimlərdə 8 ölkədə istehsal olunmuş səhnə avadanlığından istifadə edilib. "Bakı-2017”nin 24 beynəlxalq və 17 yerli səfiri, 8 yerli və 5 beynəlxalq sponsoru var. Rəsmi talismanlar - "İncə” və "Cəsur” Azərbaycanın milli sərvəti olan Qarabağ atlarının rəmzləridir. IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan su səyahətinə aprelin 5-də Prezident İlham Əliyevin iştirakı ilə start verilib. Xəzərdən başlayan su səyahəti Azərbaycanın 15 regionunu əhatə edib.




2192 oxunub