Fərqli mədəniyyətlərdə fərqli hekayələr ilə təmsil olunur Simurq quşu. Türk mifologiyasında isə, özünü axtarmağı və yenidən doğulmağı ehtiva edir. Həmçinin, Zümrüdü Anka quşu, Feniks kimi adları ilə də bilinir.
"Həqiqi yolculuq özünə olunan yolculuqdur”-, deyə söyləyib Mevlana. Biz də küllərindən yenidən doğan, çıxdığı yolun sonunda əslində özünü tapan sehirli, fantastik Simurq quşunun hekayəsindən bəhs edəcəyik.
Rəvayətə görə, Simurq bilik ağacının budaqlarında yaşayır və ağla gələn hər şeyi bilir. Bütün quşlar ona inanır və çətin vəziyyətlərdə Simurqun onlara həmişə kömək edəcəyini düşünürlər. O öləcəyini hiss etdikdə isə, ağacın budaqlarındakı yuvasının içində ölümü gözləyir. Ta ki, Günəş bütün əzəməti ilə çıxıb qurumuş budaqları yandırana qədər. Beləcə, Simurq bu yuvada yanaraq ölür və külündən yenidən doğulur.
Bu dövrə beləcə davam edərkən, bir gün quşların başına elə bir hadisə gəlir ki, Simurqdan kömək istəməli olurlar. Ancaq, Simurq çoxdandır görünmürdü. Onun gəlməyini çox gözləyirlər. Sonda ümidlərini itirib, hər şeyin bitdiyini düşünəndə, uzaq bir diyarda Simurqun qanadından bir tük tapılır. Yenidən ümidləri yaşıllaşan bütün quşlar birləşib Simurqun yuvasına getməyə qərar verirlər.
Lakin Simurqun yuvası əzəmətli "Qaf dağı”nın üstündə idi. Oraya çatmaq üçün yeddi vadidən keçmək lazım gəlirdi. Bu vadilər o qədər çətin idi ki, çoxlu quşlar bu yolda itirdilər.
1-ci Vadi: İradə Vadisi
Bu yer quşlar üçün cənnət kimidir; burada zövq, səfa var. Onlar istədikləri hər şeyi iradə vadisində tapırlar. Burada heç bir məhdudiyyət yoxdur. İşləyib, çalışmadan vəzifə sahibi ola biləcəklərini, hər şeyə sahib ola biləcəklərini sanırlar. Quşların çoxu vadinin sehrinə tutulub, o qədər çox şey istəyirlər ki, bu vadidə bir çox itki verilir.
2-ci Vadi: Eşq Vadisi
Vadiyə girəndə bütün quşların gözünü duman bürüyür. Burada olan daş, odun parçaları onların gözlərinə qu quşu kimi görünür. Gözləri kor olmuşdu. Beləcə, onlar sürüklənir və çoxu gözdən itir.
3-cü Vadi: Cahillik vadisi
Bu vadidə hər şey gözəl görünür. Simurqu belə unudurlar. Hara getdiklərinin əhəmiyyəti yoxdur. Maraqlı əşyalar görürlər, amma nə olduqlarını sorğulamırlar. Onlar əhəmiyyət vermədikcə düşünməməyə başlayırlar. Düşünmədikcə unudurlar. Unutduqca yükləri yüngülləşir və məqsədsiz gülümsəməyə başlayırlar.
4-cü vadi: İnamsızlıq vadisi
Vadiyə girəndə hər şey birdən öz mənasını itirir. Simurqu tapmağın heç nəyi dəyişməyəcəyini düşünürlər. Öləcəklərini iddia edənlər, Simurqun çarə tapa bilməyəcəyini deyənlər, bütün bu vaxtın puç olduğunu, zəhmətlərinin hədər getdiyini düşünənlər də var idi. Bütün bunlardan sonra quşların bir çoxu yolu tamamlaya bilməyəcəklərini və ya tamamlasalar da faydasız olacağını deyib geri dönürlər.
5-ci vadi: Yalnızlıq Vadisi
Vadiyə girən bütün quşlar qorxuya düşür. Onlar olduqları yerdə yalnız özləri varmış kimi narahat olurlar. Ac olan ancaq qarnını doyurmağı düşünür. Tək ovlandığı üçün uğur qazana bilmir və daha böyük heyvanlara yem olur. Hər biri öz başına hərəkət etməyi seçir və yolunu tək tapmağa çalışır. Onlar özlərini tək hiss edirlər, sanki heç kim yoxdur. Halbuki, milyonlarla quşun eyni məqsəd üçün uçması onların ağıllarının ucundən belə keçmir.
6-cı Vadi: Qeybət Vadisi
Quşlar vadiyə girəndə hər küncdən pıçıltılar eşidilməyə başlayır. Ən arxadakı quş deyir ki, Simurq yenidən doğanda onun tükləri yanıb. Qarşıdakı quş bunu eşidir və deyir ki, yanmış tüklər bir daha çıxmayıb. Qarşıdakı bir quş bunu eşidir və onun yanan tükləri çıxmadığı üçün gizləndiyini söyləyir. Qabaqdakı bir quş bunu eşidir və deyir ki, Simurq əhvalı pis olduğundan gizlənərkən onu görənlərə zərər verib. Öndəki quş bunu eşidəndə deyir ki, hamını incidən Simurq buna dözməyib özünü öldürüb. Öndə gedən quşa xəbər verilir ki, getməyə ehtiyac yoxdur, Simurq artıq yoxdur. Bir çox quş şayiələrə inanaraq geri qayıdır.
7-ci Vadi: Mən Vadisi
Bütün quşlar "mən” vadisinə girən kimi onlarda fərqli bir hiss oyanır. Kimisi o biri quşun qanadını tənqid etməyə başlayır, kimisi hər şeyi bildiyini iddia edir. Kimisi səhv yolla gedilir deyib, qarışıqlıq yaradır. Hər başdan bir səs çıxır. Hər birinin öz fikri var və hamısına da öz dediyi doğru gəlir. Hamısı ön planda lider olmaq istəyir, irəli getmək üçün bir-birlərini əzməyə davam edirlər. Ta ki, Vadidən çıxana qədər, "mən”dən uzaqlaşana qədər...
Və nəhayət, vadidən "Qaf dağı”na çatanda, yola çıxan dünyadakı milyonlarla quşlardan yalnız 30-u qalır. Çətin vadilərdən keçən bu 30 quş yuvaya çatanda öyrənirlər ki, qalan quşların hamısı özləri elə Simurqdur. Xilaskar, müdrik, mükəmməl quş; bunlar yeddi vadidən keçən quşların hamısıdır.
Deməli, düşünən, özünü inkişaf etdirən, bacarıqlarına inanan, birlikdə hərəkət etməyi bilən, qeybət etməyən, ən əsası eqosunu tərbiyə edən quşlar Simurqdur.
İnsanın axtardığı həqiqəti təmsil edən bu hekayə mənəvi bir yolculuqdur. Axtarılan nə yerdədir, nə də göydə, bizə çox yaxındır. Əslində kim olduğumuz, özümüzü tapmağımızla bağlıdır. İnsan nə qədər öz daxili dünyasına qayıtsa, bir o qədər zənginləşəcək.
Fidan Türk
91622 oxunub