"Vətən sevgisi hər bir azərbaycanlının qanında, canında olmalıdır. Harada yaşamasından asılı olmayaraq, Azərbaycanı sevmək, Vətənin adını uca tutmaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur”. Bu sözləri bir neçə ildir Avstriyada yaşayan gənc idmançı, diaspor fəalı, Avstriya Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Fərid Əzizov "Sport Time” dərgisinə verdiyi müsahibə zamanı bildirib. Oxuculara Fərid Əzizovla olan səmimi söhbətimizi təqdim edirik.
-Fərid bəy, artıq bir neçə ildir ki, Avstriyada yaşayır, burada ölkəmizi diaspor fəalı və idmançı kimi təmsil edirsiniz. Yaxşı olar ki, oxuculara Avstriyaya gəlişiniz və uğurlarınız barədə məlumat verəsiniz.
-Avstriya Respublikasına gəlişim idmanda qazandığım uğurların sayəsində oldu. 2017- ci ildə Avstriyaya gəldim və burda idman fəaliyyətimi davam etdirdim. Məşqlərim çox gərgin keçirdi. Onu da deyim ki, Avstriya Respublikasında karatenin kempo növü üzrə tarixdə heç bir qızıl medal qazanan idmançısı olmayıb. Mən isə bir azərbaycanlı olaraq bu ölkənin idman tarixinə öz adımı yazmağı düşünürdüm. Bu məqsədlə, hər gün saatlarla gərgin məşq edirdim. Yorulsam da mənə stimul verən bir amal: azərbaycanlı olaraq vətəndən uzaqda adımı tarixə yazmaq istəyi dayanırdı. 2018-ci ilin may ayında Ukrayna Respublikasının Xarkov şəhərində karate idman növünün kempo növü üzrə dünya çempionatına lisenya qazananda sevincimin həddi hüdudu yox idi. Çünki artıq arzuladığım an gəlib çatmışdı. Məşqçim olan Tarverdi Allahverdiyev və Pərviz Hüseynov da bu yarışa Azərbaycan milli yığmasının baş məşqçiləri kimi gəlmişdilər. Bu isə mənə daha da stimul vermişdi. Çempionat başlamamışdan bir neçə gün əvvəl Pərviz Hüseynov Xarkov şəhərinə gəldi və orda mənimlə birlikdə yenidən məşqlərə başladıq.Yarış may ayının 4-ü başladı. İlk görüşüm yerli idmançı ilə gərgin şəkildə keçdi və bu görüşdə tam gələbə qazandım. Sonrakı görüşlərimdə də qələbə əldə etdim. Fəxri kürsünün ilk pilləsinə çıxdıqda sevinc və qürur hissləri məni qəhərləndirdi. Allahın izni ilə Avstriyada karatenin kempo növündən ilk qızıl medalı qazanmışdım. Bu qələbə təkcə mənim yox, illərdir Avstriya Respublikasında yaşayan, vətən həsrəti çəkən soydaşlarımızın gələbəsi idi. 2018- ci ildə Xarkov şəhərində keçirilən dünya çempionatında 2 qızıl medal qazandım. Avstriya Respublikasına qayıdanda hər kəs sevincli idi. Azərbaycanlı gənc kimi bu ölkənin idman tarixində iz qoymuşdum. Azərbaycanlı soydaşlarımızın o günkü sevinc hisslərini heç bir sözlə ifadə edə bilmərəm.
- Siz həm də Avstriya Azərbaycanlıları Cəmiyyətini təsis etmisiz. Cəmiyyəti yaratmaq planınız necə yarandı?
-Bir gün idman tədbirlərinin birində mənimlə çox səmimi söhbət edən şəhər meriyasının nümayəndəsi Azərbaycanı tanımadığını, bu barədə eşitmədiyini dedi. Bu, mənə çox pis təsir etdi. Həmin nümayəndə bildirdi ki, bu, sizin diasporanın Avstriya Respublikasında olan fəaliyyətinin sərişdəsizliyidir. Söhbət zamanı o adama dedim ki, gələn il bura gəldiyim zaman bizim diasporanın varlığından sizin də xəbəriniz olacaq. O gündən sonra Azərbaycan mədəniyyətinin milli-mənəvi dəyərlərinin Avstriya Respublikasında tanıdılması üçün Avstriya Azərbaycanlıları Cəmiyyətini təsis etdim. Azərbaycan mədəniyyətini bu ölkədə təbliğə başladığımız gündən avstriyalıların bizim mədəniyyətə olan marağı bizi heyrətləndirir. Bizim milli mətbəximiz insanları valeh edir. Avstriya Azərbaycanlıları Cəmiyyəti yarandığı gündən mədəniyyətimizlə bağlı tədbirlər keçirilir. Belə tədbirlərin keçrilməsi Azərbaycanın tanınmasında böyük rol oynayır. Biz bu tədbirləri böyük həvəslə həyata keçiririk.
- Bəs, 2019-cu il idman karyeranızda hansı uğurla yadda qaldı?
- 2019- cu ilin may ayında Xarkov şəhərində keçirilən dünya çempionatına lisenziya qazananda daha çox məsuliyyət hiss edirdim. Çünki 2018- ci ildə qazandığım qələbəni bu il təkrarlamalı və ondan da artıq medal qazanmalı idim. 2018- ci ildən fərqli olaraq bu il mənə daha da çox insan dəstək olurdu. Ən böyük dəstəyim isə məni hər qələbəmdə dəstəkləyən ailəm idi. Yarışlara gedəndə həyat yoldaşım mənə bu sözü deyir: "Qələbəni özün üçün qazanma, Vətən üçün qazan”. Bu söz məni hər zaman daha da ruhlandırır, qələbə əzmimi artırır. 2019- cu ildə Xarkovda keçrilən yarışda qələbə bizim oldu. Üç qızıl medal qazandım. Avstriya Respublikasına döndüyüm zaman həmvətənlərim sevinirdi. Məni qarşılamağa Avstriyada yaşayan demək olar ki, bütün Azərbaycanlılar gəlmişdi. Bu mənim üçün ən qürurlu anlardan idi. Hava limanında avstriyalılar da mənim sevincimə qoşulmuşdular. Onlarda gah mənim adımı, gah da Azərbaycan deyə qışqırırdılar.Üç rəngli şanlı bayrağımız dalğalanırdı. Biz o insanlara Azərbaycanın xəritəsini paylayır, Vətənimiz barədə məlumatlar verirdik. Biz insanlara Qarabağ haqqında həqiqətləri deyir, onlara erməni vandalizimindən danışırdıq.
Onu da deyim ki, Avstriyanın bir neçə tanınmış telekanalının və jurnalının qonağı olmuşam. Hər dəfə bu fikrimi ifadə edirəm: hər bir peşəkar idmançı həm də ictimai xadim olmalıdır. Harada yaşamağımızdan asılı olmayaraq öz vətənimizi, onun milli- mənəvi dəyərlərini digər ölkələrdə tanıtmalıyıq. Artıq 2 ildir ki Avstriya Respublikasında yaşayıram və burada azərbaycanlı Farid Əzizov kimi fəaliyyət göstərirəm. Bu, mənim üçün böyük sevincdir. Artıq 5 qat dünya, 3 qat Avropa, 7 qat respubika çempionatlarının qalibiyəm. Bu qələbələri qazanan azərbaycanlı kimi qürur duyuram. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: Mən hər zaman fəxr edirəm ki, Azərbaycanlıyam.
"Qarabağ-Azərbaycan Məktəbinin açılışına hazırlaşırıq"
-Fərid bəy, gələcək diaspor planlarınız barədə nə deyə bilərsiz?
-Avstriya Respublikasının Zalzburq şəhərində bu ilin ilk yarısında Qarabağ-Azərbaycan Məktəbinin açılışına hazırlaşırıq. Bu məktəbin Avstriyada böyük marağa səbəb olacağına inanırıq. Çünki Azərbaycan rəqslərinə, milli musiqisinə, kulinariyasına Avstriyada böyük maraq var. Hətta cəmiyyətimizin 2019- cu ilin mart ayında keçirdiyi Novruz şənliyində təşrif buyuran qonaqlar milli mətbəximizin təamlarından, plovdan dadandan sonra bu təamın heyranı olmuşdurlar. Mən azərbaycanlı idmançı kimi hər zaman canım Azərbaycanımı vətəndən uzaqda təbliq etməyi, onun üç rəngli bayrağını dalğalandırmağı özümə borc bilirəm. Gözəl bir kəlam var: "Düşünmə ki, Vətən sənə nə verib. Düşün ki, sən Vətənə nə vermisən ”.
27895 oxunub