AMADA yeni qaydalara başlayacaq
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən hazır yenilənmış 2027-ci il Azərbaycan Milli Antidopinq Qaydaları layihəsi Ümumdünya Antidopinq Agentliyi (WADA) ilə razılaşdırılıb.
AMADA-dan bildirilib ki, Azərbaycan yeni Ümumdünya Antidopinq Məcəlləsinə uyğun milli qaydaları hazırlayan ilk ölkələr sırasında yer alaraq bu sahədə qabaqcıl mövqeyini bir daha nümayiş etdirib.
Yeni qaydalar 2027-ci ildən qüvvəyə minəcək Ümumdünya Antidopinq Məcəlləsinə uyğun hazırlanıb və 1 yanvar 2027-ci il tarixindən etibarən tətbiq olunacaq.
2027-ci il qaydaları antidopinq sahəsində bir sıra mühüm yenilikləri özündə ehtiva edir. Əsas dəyişikliklərdən biri antidopinq qayda pozuntularına münasibətdə tətbiq edilən diskvalifikasiya müddətləri ilə bağlıdır. Belə ki, nümunəsində qadağan edilmiş maddə aşkar edilmiş idmançı həmin maddənin orqanizminə necə daxil olduğunu və onun idman nəticələrinin artırılmasına təsir göstərmədiyini sübut edə bildiyi hallarda, əvvəlki qaydalarla müqayisədə daha aşağı həddə sanksiyanın tətbiqi mümkün olacaq.
Bununla yanaşı, törətdiyi antidopinq qayda pozuntusunu qəbul edən və AMADA tərəfindən təklif olunan hüquqi nəticələrlə razılaşan idmançılar üçün də yeni güzəşt mexanizmi nəzərdə tutulub. Belə hallarda tətbiq ediləcək diskvalifikasiya müddətinin 25 faizinin azaldılması mümkün olacaq.
Yeni qaydalar, həmçinin antidopinq qayda pozuntularının, inzibati xətaların və ya cinayət əməllərinin aşkar edilməsində AMADA ilə səmərəli əməkdaşlıq edən şəxslər üçün də güzəştlər müəyyən edir. Müəyyən edilmiş şərtlər daxilində belə şəxslərə tətbiq olunan sanksiyaların dörddə üç (3/4) hissəsindən çox olmamaq şərti ilə azaldılması mümkün olacaq.
Əhəmiyyətli yeniliklərdən biri də odur ki, antidopinq qayda pozuntusu törədən şəxslərə münasibətdə artıq yalnız diskvalifikasiya deyil, eyni zamanda maliyyə xarakterli sanksiyaların tətbiqi də nəzərdə tutulur.
Bundan əlavə, yeni qaydalarla milli idman federasiyalarının dopinqlə mübarizə sahəsində öhdəlikləri daha da gücləndirilib. Bu öhdəliklərin yerinə yetirilməməsi hallarında federasiyalara müxtəlif növ sanksiyaların tətbiqi nəzərdə tutulur.
Qaydaların tam mətni yaxın günlərdə idman ictimaiyyətinə təqdim olunacaq.