Artromed Tibb Mərkəzində yerləşən şəfalı “Duz otağı”-FOTO


Hələ qədim dövrlərdən duz qızıl qədər qiymətli hesab olunurdu. Hətta bir çox ödənişlər duz verməklə həyata keçirilirdi. Elə bu gün də duz qiymətli sərvətimiz olmaqla yanaşı,  bir çox dərdlərin dərmanı olması ilə də şöhrət qazanıb. 
 İlk insan məskənlərindən olan və tarixin ən qədim duz ocağı sayılan Naxçıvan dağlarından çıxan duzun isə məxsusi əhəmiyyəti var. Araşdırmalar göstərir ki, Naxçıvan yataqlarından çıxarılan duzun tərkibində çox sayda mineral var.
Bir çox xəstəliklərin müalicəsində də unikal duz yataqları köməyə çatır. Avropaya XIX əsrdən məlum olan duzla müalicə Azərbaycanda ən qədim dövrlərdən istifadə olunmuşdur. 

Dünyada ən qiymətli duz hesab edilən şəfalı Naxçıvan duzunun xəstələr üçün daha əlçatan olması üçün Artromed Tibb Mərkəzində duz otağı fəaliyyət göstərir. Bakıda az saylı klinikalarda rast gəlinən duz otağı burada Alman və Avstriya texnologiyasi ilə quraşdırılmışdır. Prosedurdan 3-4 yaşdan yuxarı uşaqlar və yetkinlər faydalana bilərlər. Duz otağı yuxarı tənəffüs yollarının iltihabı xəstəliklərində; xroniki bronxit, abstruktiv bronxit, allergik bronxit, bronxial astma, həmçinin allergiya mənşəli xəstəliklərdə çox faydalıdır. Laringit, faringit və s. kimi xəstəliklərdən əziyyət çəkən xəstələr də duz otağından faydalana bilərlər. 
Qeyd edək ki, şəfalı duz otağında müalicə müddəti 45 dəqiqədir. Eyni vaxtda otaqda 4-5 şəxs müalicədən yararlana bilər. İtaliyadan gətirilən duz ionları seans vaxtı xüsusi qurğu ilə otağa yayılır. Burada müalicə olunan xəstələr qeyd edirlər ki, prosedur sonrası boğulma və allergiya əlamətləri  xeyli azalır. Eyni zamanda, müalicənin gərgin əsəbləri sakitləşdirməsi, yuxudan əziyyət çəkən xəstələrin rahat yuxuya getməsi  duz otağının faydaları sırasındadır. Bütün bunlar bir daha sübut edir ki,  qədim metod olan duzla müalicə güclü sağlamlaşdırıcı vasitədir. Həkim məsləhəti ilə xəstələr il ərzində təkrar  müalicə ala bilərlər.
Lakin həkimlər xəbərdarlıq edir ki, tiroid (zob), ürək, qan-damar xəstəliyindən əziyyət çəkən xəstələrə isə duz otağından müalicə məsləhət görülmür. Müalicə kursu almadan öncə həkim məsləhəti mütləqdir. 

Fidan Türk

23780 oxunub