Mərd, vətənpərvər Azərbaycan övladı


FÜZULİ MƏMMƏDOV


Bugözəl yurdumuzu sevmək, canımız Azərbaycanın mənafeyini düşünmək hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Əcnəbi ölkələrdə Vətənimizi layiqincə təmsil etmək, birliyimizə, müstəqilliyimizə və dövlət quruculuğumuza xidmət göstərmək isə vətəndaşlıq borcunun ən üstün, ən ali məqamıdır. Bu məqamda qəlbi Vətən eşqi ilə döyünən mərd, qeyrətli vətənpərvər Azərbaycan övladları dayanır. Həmyerlimiz, daim Vətən sevgisi ilə yaşayan iş adamı Füzuli Məmmədov kimi.
Füzuli müəllim Azərbaycanın qədim, ecazkar gözəlliyi ilə seçilən, qəhrəmanlar yurdu Naxçıvan torpağında doğulub, boya-başa çatıb. Gənc yaşlarından Vətənindən uzaqda yaşaması onu dəyişməyib. Hər zaman doğulduğu torpağına, millətinə olan sevgisi ilə tanınıb. O, hər zaman bu ali vətənpərvərlik hissi ilə yaşayıb. Atdığı addımlar, gördüyü işlər Azərbaycan Respublikasının müstəqilliyinə, ulu öndər Heydər Əliyevin dövlətçilik siyasətinə, diaspor fəaliyyətinin daha da güclənməsinə və bir çox xeyriyyə işlərinə həsr olunub. Onun Qarabağ müharibəsi qəhrəmanlarına, şəhid və qazi ailələrinə göstərdiyi diqqət olduqca təqdirəlayiqdir. Təhsil alan çox sayda tələbələr, müalicəyə ehtiyacı olan hərbiçilər və daha neçə-neçə köməyə ehtiyacı olan insanlar Füzuli Məmmədovun böyük ürəyinin şahidi olublar.
 

Füzuli Məmmədov ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə hərbiçilərimizə mənzil bağışlayıb 

Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun sədri, Avropa Azərbaycanlıları Konqresinin birinci vitse-prezidenti Füzuli Məmmədov ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə şəxsi vəsaiti hesabına, torpaqlarımızın bütövlüyü uğrunda sağlamlıqlarını itirən xüsusi təyinatlı gizirlərimiz Natiq Mehdiyev və Ülfət Həsənova, həmçinin şəhid mayor Aqşin Abdullayevin və şəhid gizir Sənan İsayevin ailələrinə ev bağışlayıb. Hər biri 3 otaqlı olan tam təmirli evlər vacib əşyalarla da təmin olunub. Xüsusi təyinatlı gizirlərimiz Natiq Mehdiyev və Ülfət Həsənovun müalicələrinin davam etdirilməsini də Füzuli Məmmədov öz üzərinə götürüb. Məlumata görə, ilin sonuna qədər, ümumilikdə, 10 ailə evlə təmin olunacaq.

İş adamı işğaldan azad edilmiş torpaqlarımıza 3 milyon manat vəsait ayırmağa hazır olduğunu bildirib

Füzuli müəllimin dediyi bu sözlər isə daha bir vətənpərvər addımının bariz nümunəsidir: "Prezident İlham Əliyevin müvafiq sərəncamını rəhbər tutaraq Dünya Azərbaycanlıları İttifaqı azad olunmuş Azərbaycan ərazilərinə sərmayələrin cəlb olunmasında iştirak etməyə hazırdır. Dünya Azərbaycanlıları İttifaqı, başda mən olmaqla, ilkin olaraq erməni işğalından azad edilmiş torpaqlarımıza 3 milyon manat vəsait qoymağa hazır olduğumuzu bəyan edir və bütün dünyada yaşayan iş adamlarını da eyni məsuliyyətlə prezidentimizə və hökümətimizə dəstək nümayiş etdirərək yardımlarını əsirgəməməyə çağırırıq. İnanıram ki, Cocuq Mərcanlıdan sonra erməni işğalından azad olunacaq Xankəndinin, Xocalının, Şuşanın, Ağdamın, Laçının, Qubadlının və Azərbaycanın digər şəhər və kəndlərinin də bərpasında iştirak edəcəyik. Bu gün Azərbaycan hərbiçiləri yüksək peşəkarlıq nümayiş etdirərək, vətənimizi etibarlı müdafiə edir və addım-addım onun işğal olunmuş torpaqlarını azad edirlər. Bizlər - bütün azərbaycanlı iş adamları, əsl vətənpərvərlik göstərməli və Azərbaycan hökumətinə bu ərazilərin bərpa olunmasında kömək etməliyik”


Qeyd edək ki, Avropa Azərbaycanlıları Konqresinin birinci vitse-prezidenti, Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun prezidenti Füzuli Məmmədov Bakıya səfəri zamanı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və onun xanımı Zərifə Əliyevanın abidəsini, Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib. İş adamı daha sonra Diaspora ilə İş Üzrə Dövlət Komitəsinin Sədri Nazim İbrahimovla və Milli Məclisin nümayəndələri ilə görüşüb. Qeyd edək ki, belə səfərlər Avropa ölkələrində Azərbaycan diasporunun daha da güclənməsində mühüm rol oynayır.



14215 oxunub