Safağ Koçoğlu:"Azərbaycan təmiz idman sahəsində mühüm tərəfdaşdır"
Təmiz idman naminə beynəlxalq əməkdaşlıq böyük əhəmiyyət daşıyır. Azərbaycan təmiz idman sahəsində mühüm tərəfdaşdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin gənclər və idman nazirinin müavini Safa Koçoğlu Gürsoy Bakıda UNESCO-nun İdmanda Dopinqə Qarşı Beynəlxalq Konvensiyası çərçivəsində Dopinqin İdmanda Aradan Qaldırılması Fondunun Təsdiq Komitəsinin üçüncü rəsmi iclası barədə danışarkən deyib.
“Bu, beynəlxalq əməkdaşlığın daha da gücləndirilməsi baxımından mühüm platformadır. Biz təmiz idman, idman etikası və dopinqlə beynəlxalq mübarizəyə xüsusi önəm verən ölkələrdən biriyik. Dünən Bakıda keçirilən forumda beynəlxalq əməkdaşlıq imkanları, eləcə də müxtəlif ölkələrin dopinqlə mübarizə sahəsində həyata keçirdiyi fəaliyyətlər müzakirə olundu. Bu baxımdan tədbir çox faydalı oldu. Forumun təşkilində əməyi keçən hər kəsə, eləcə də iştirakçılara və alimlərə təşəkkür edirəm”, - deyə o bildirib.
Nazir müavininin sözlərinə görə, dopinqlə mübarizə yalnız testlər və sanksiyalarla məhdudlaşmamalıdır: “Bu istiqamətdə təhsil proqramlarının həyata keçirilməsi və elmi araşdırmaların aparılması da vacibdir. Türkiyədə bu ilin aprel ayında akademiklərin iştirakı ilə seminar təşkil etdik. Həmin tədbirdə dopinqlə mübarizə sahəsində təlim potensialının daha da gücləndirilməsi məsələləri müzakirə edildi. Seminarda Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov və nümayəndə heyəti də iştirak etmişdi. Bu əməkdaşlığın həm ölkələrimiz, həm də digər dövlətlərlə təhsil sahəsində davam etdirilməsi böyük əhəmiyyət daşıyır”.
O deyib ki, Bakıya gəlməsinin digər səbəbi UNESCO çərçivəsində həyata keçirdiyi fəaliyyətlə bağlıdır: “Dopinqlə mübarizə sahəsində belə beynəlxalq komitənin fəaliyyət göstərməsi və bu istiqamətdə işlərin davam etdirilməsi çox önəmlidir. Biz idmanın birləşdirici gücünə inanırıq. Bununla yanaşı, idmanın təmiz və ədalətli mühitdə inkişaf etməsinin vacibliyini düşünürük. Dünyanın bütün idmançılarının bərabər və ədalətli şəraitdə yarışması bizim üçün böyük əhəmiyyət daşıyır. Bu istiqamətdə əməyi olan hər kəsə təşəkkür edirəm”.